2025-ci il noyabrın 1-də Azərbaycanda işsiz kimi 278.9 min nəfər qeydiyyata düşüb. Bununla da işsizlik səviyyəsi ölkə üzrə 5.2 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Amma bu rəqəmi müstəqil iqtisadçılar şübhə ilə qarsalayıblar.
"1.8 milyon rəsmi müqavilə ilə çalışır, 1.7 milyon aqrar sektorda işləyir, 845 min də VÖEN ilə qazanır - toplamda 4 milyon 345 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5.4 milyondur. Yaxşı, bu 1 milyon 55 min insan haradadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?!", - Natiq Cəfərli Facebook səhifəsində sual edir.
Xatırlatma
Hələlik, iqtisadçının bu suallarına rəsmi qurumlardan cavab almaq mümkün olmayıb. Amma rəsmilərin fikrincə, iqtisadi fəal əhalinin böyük bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərir. Azərbaycanda hökumət rəsmiləri 2015-ci ildə dünyada neftin kəskin ucuzlaşmasından sonra qarşılarına "iqtisadiyyatın ağardılması" məqsədini qoyduqlarını açıqlayıblar. Hərçənd rəsmi muzdla çalışanların sayında son illər elə də ciddi artım yoxdur.
Amma ekspertlər deyir ki, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan da çətin bir prosesdir. Onların hesablamalarına görə, Azərbaycanda işsiz sayı rəsmi açıqlanan rəqəmdən dəfələrlə çoxdur.