İraq Ceyhandan neft ixracını bərpa edib. Neftin qiyməti düşüb

İraqın Bəsrə bölgəsindəki "Zübeyr" neft yatağı

Martın 18-də İraq Türkiyənin Ceyhan limanına xam neft ixracını bərpa edəndən sonra neftin qiyməti düşməyə başlayıb.

Bir gün öncə 3 faizdən çox bahalaşan "Brent" füçersləri çərşənbə günü 0.3 faiz düşüb və bareli 103.12 dollar olub. "Qərbi Texas" neftinin bareli isə 1.56 dollar düşərək 94.65 dollara bərabərləşib.

İraqda Şimal Neft Şirkətindəki mənbələrin dediyinə görə, Bağdad və Kürdüstan Regional Hökuməti neft ixracını bərpa etməyə razılaşıblar. İki neft rəsmisi ötən həftə deyirdi ki, İraq Ceyhandan günə azı 100 min barel neft vurmağı planlayır.

MUFG-nin təhlilçisi Sucin Kim deyib ki, təchizatda yüngülləşmə məhduddur, İraqın hasilatı böhrandan öncəki səviyyənin təxminən üçdə biri qədərdir, Hörmüzdən tankerlərin keçidi də, əsasən, məhduddur.

İran münaqişəsinə görə Hprmüz boğazı bağlanandan İraqın əsas cənub yataqlarından neft hasilatı 70 faiz azalıb.

"Reuters" yazır ki, İranın ali təhlükəsizlik rəhbəri Əli Laricaninin öldürülməsi və ABŞ-nin Hörmüz yaxınlığında İranın raket obyektlərini vurması münaqişənin tezliklə bitə biləcəyinə ümid yaradıb. Bunu "China Futures"dən baş tədqiqatçı Minyuy Qao deyir.

Bu arada Liviyanın Milli Neft Korporasiyası bildirib ki, "Şarara" neft yatağından daşınma alternativ kəmərlərə yönləndirilir.