İranlı qadın boksçu həbs ediləcəyi barədə xəbərə görə vətəninə qayıtmayıb

Sadaf Khadem aprelin 13-də keçirilən matçda fransalı boksçu Anne Chavin-i məğlub edib

Peşəkar boks matçında çıxış edən ilk iranlı qadın öz ölkəsində onun həbsi barədə sanksiya verildikdən sonra Fransadan vətəninə qayıtmamaq qərarına gəlib.

Sadef Khadem aprelin 13-də keçirilən matçda fransalı boksçu Anne Chavin-i məğlub etmişdi.

O bu həftə İrana bu ölkədə doğulmuş, lakin hazırda Fransa vətəndaşı olan keçmiş boks çempionuMahyar Monshipour-la səfər etməyi planlaşdırmışdı.

Khadem-in nümayəndəsi Clara Dallay Reuters xəbər agentliyinə deyib ki, İranda qadın boksçunun, habelə Monshipour-un həbsi üçün order verilib.

İran Boks Federasiyasının rəhbəri Hossein Soori Khadem-in həbs olunacağı barədə xəbərləri təkzib edib.

O əlavə edib ki, bu informasiya Səudiyyə Ərəbistanından qaynaqlana bilərdi:

"Xanım Khadem İran idman təşkilatının üzvü deyil, buna görə də onun bütün fəaliyyətləri şəxsi səciyyə daşıyır”.

İranda qadınların peşəkar idmanla məşğul olması xeyli məhdudlaşdırılıb, lakin son illərdə bu sahədə müəyyən müsbət dəyişikliklər baş verir.

İndi İran federasiyası qadınların boksla məşğul olmasına icazə verir, bir şərtlə ki, onların məşqçiləri qadınlar olsun və rinqə hicabda çıxsınlar.

Bu vaxtadək İranda qadın boksçular arasında heç bir yarış keçirilməyib.