İranla sərhəddə Azərbaycan sərhədçisi yaralanıb

Azərbaycan-İran sərhəddində baş verən silahlı insidentdən sonra DSX rəisi Elçin Quliyev hadisə yerinə gəlib, 10 mart .2019

İyulun 27-də saat 22:45 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı zastavasının xidməti ərazisində ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Bu barədə iyulun 28-də Dövlət Sərhəd Xidmti (DSX) məlumat yayıb.

DSX bildirir ki, sərhəd naryadı İran İslam Respublikasından Azərbaycan istiqamətinə silahlı şəxslərin hərəkətini aşkar edib və bunun qarşısı alın­ıb.

Açıqlamada vurğulanıb ki, sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları sərhəd naryadına qarşı silah tətbiq ediblər:

“Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçıblar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub”

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam ediliblər. Verilən məlumata görə, İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüş keçirilib:

“ Hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib. Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılıb”,DSX qeyd edir.