İran yanvar etirazları ilə bağlı daha bir nəfəri edam edib

İranda edamlara etiraz aksiyası, Vaşinqton, may, 2026-cı il

İran hakimiyyəti yanvarda İsfahandakı iğtişaşlarla bağlı təqsirləndirilən daha bir nəfəri edam edib. Bununla da bir səs-küylü cinayət işi üzrə edam olunanların sayı beşə çatıb.

“Arian” ləqəbi ilə tanınan Qaim Hüseyninin avqustun 20-də səhər tezdən edam edildiyi açıqlanıb.

Hakimiyyət Hüseyninin xarici ölkə vətəndaşı olduğunu bildirib. Bundan əvvəl yayılan məlumatlarda onun əmisi oğlu, eyni iş üzrə təqsirləndirilən Gülməhəmməd Məhəmmədinin Əfqanıstan vətəndaşı olduğu qeyd edilib.

Hüseyni İranın islam qanunvericiliyində ən ağır cinayətlərdən sayılan “yer üzündə fəsad törətmək”də, Allaha qarşı müharibə aparmaqda, milli təhlükəsizlik əleyhinə fəaliyyətdə və ictimai əmlakı məhv etməkdə təqsirli bilinib.

Dövlət ittihamçılarının iddiasına görə, Hüseyni yanvarın 8-də İsfahanın Əlixani meydanında iğtişaşlarda fəal iştirak edib. Həmin hadisələrdə xüsusi təyinatlı qüvvələrin dörd əməkdaşı öldürülüb.

Hüseyninin edamı ilə Əlixani meydanı işi üzrə edamların sayı beşə çatıb. Eyni iş üzrə azı səkkiz digər müttəhimi də edam cəzası gözləyir.

Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan İranda hüquq müdafiə təşkilatlarının siyasi məhbus saydığı şəxslərin edamlarının sayı kəskin artıb. Onlar arasında etirazçılar, qadağan olunmuş qruplara üzvlükdə şübhəli sayılanlar, casusluqda təqsirli bilinənlər var.

Martın 19-dan avqustun 5-dək İranda təhlükəsizliklə bağlı və siyasi ittihamlarla azı 56 nəfər edam olunub. Onlardan azı 27-si hakimiyyət əleyhinə etirazlarda iştirakına görə təqsirli bilinənlərdir. Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirir.

“Amnesty International”ın məlumatına görə, İran edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir.