İranın İsrailə bağlılıqda günahlandırdığı haker qrupu dekabrın 18-də İran boyunca yanacaqdoldurma stansiyalarına kiberhücum gerçəkləşdirdiyini iddia edib.
Neft naziri Cavad Övci İranın dövlət televiziyasına deyib ki, ölkədəki yanacaq stansiyalarının 70 faizində xidmət pozulub və kənar müdaxilə mümkün səbəb ola bilər.
İranın dövlət televiziyasının məlumatına görə, "Predatory Sparrow" qrupu pozuntunun arxasında durduğunu iddia edib. İsrailin yerli mediası da bu iddianı yayıb.
"Bu kiberhücum fövqəladə xidmətlərə mümkün ziyandan yayınmaq üçün nəzarətli şəkildə gerçəkləşdirilib", - "Predatory Sparrow" bəyanatında deyib.
İranın ittihamları
İran dövlət mediasının bildirdiyinə görə, bu haker qrupu keçmişdə də İranda yanacaqdoldurma məntəqələri, dəmiryol xətləri, polad zavodlarına kiberhücumları üzərinə götürüb.
Sonuncu dəfə İranda oxşar insident 2021-ci ildə yaranıb, böyük kiberhücum yanacaq satışını pozub, ölkə boyunca yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olub.
O zaman İran İsraili və Birləşmiş Ştatları bu hücumların arxasında durmaqda suçlayıb.
Bazar ertəsi səhərdən yaranan problem Tehranda daha kəskinliklə üzə çıxıb, bir çox stansiyalar "manual" işləməli olub.
"Stansiyaların azı 30 faizi işləyir, qalanları problemləri tədricən yoluna qoyur", - Övci deyib.
Bir rəsmi isə pozuntuya proqramla bağlı problemin səbəb olduğunu söyləyib.
İsrail İranda kiberhücumla bağlı məlumatları hələlik, şərh etməyib.