İran və Rusiya Hörmüzdə manevr keçirəcək, Xəzərdə hərbi əməkdaşlıq edəcəklər

Hossein Khanzadi

İran və Rusiyanın hərbi dəniz donanmaları yaxın vaxtlarda Hörmüz boğazında birgə manevrlər keçirməyi planlaşdırır.

Bu barədə məlumatı İran hərbi dəniz donanmasının komandanı kontr-admiral Hossein Khanzadi IRNA agentliyinə verib.

Onun sözlərinə görə hərbi təlimlər bu ilin sonlarınadək Hind okeanında keçiriləcək.

Admiral dəqiqləşdirib ki, manevlər okeanın şimal hissəsində, habelə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında keçirilə bilər.

Kontr-admiral Khanzadi hazırda Rusiyada üçgünlük səfərdədir. Onu Moskvaya Rusiya hərbi dəniz donanmasının komandanlığı dəvət edib.

Ötən bazar günü o Rusiyada keçirilən Hərbi Dəniz Donanması günü münasibətilə keçirilən şənliklərdə iştirak edib.

Khanzadi-nin səfəri ərzində habelə İran və Rusiya arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb.

Rusiya və İran arasında hərbi manevrlərin keçirilməsinə dair bu söhbətlər Hörmüz boğazında İran və ABŞ arasında gərginliyin yaşandığı dövrə təsadüf edir.

Vaşinqton İranın neft sektoru üzərinə ağır sanksiyalar qoyub. İranın neft ixracatının əsas həcmləri məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Tehran bundan az əvvəl burada Britaniyaya məxsus neft tankerini saxlayıb.

Khanzadi IRNA agentliyinə bildirib ki, onun rusiyalı həmkarları ilə imzaladığı razılaşma misilsizdir.

Bu razılaşma habelə Xəzər dənizində hərbi əməkdaşlığı nəzərdə tutur.