İran ABŞ və İsrailin zərbələrindən sonra uranı zənginləşdirmədiyini deyir

İyunda hücumlardan əvvəl İranın Qum şəhərindəki Fordo uran zavodunun içi.

İsrail və ABŞ-nin iyunda dağıdıcı hava zərbələrindən sonra İran ölkədə heç bir yerdə uran zənginləşdirmir, amma bunu etmək hüququnu saxlayır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

A.Araqçi noyabrın 16-da hüquqi forumda bildirib ki, İranın bütün zənginləşdirmə obyektləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) qoruması və nəzarəti altındadır.

"İranda heç bir bəyan edilməmiş nüvə zənginləşdirməsi aparılmır… Çünki zənginləşdirmə müəssisələrimiz hücuma məruz qalıb", – nazir IRNA dövlət xəbər agentliyinə deyib.

İyunda İsrail və ABŞ İranda əsas hərbi və nüvə obyektlərini hədəf alıb.

Rəsmilər zərərin miqyasına dair fərqli açıqlamalar veriblər, Tehran nüvə proqramının nə qədərinin qaldığı ilə bağlı suallar yaranıb. İran proqramının yalnız mülki məqsədlər üçün olduğunu iddia edir.

İranın dünya gücləri ilə imzaladığı 2015-ci il nüvə sazişinin oktyabrda bitməsi ilə Tehran beynəlxalq nəzarətin sona çatdığını elan edib. Amma nüvə proqramının silah istehsalına hədəflənmədiyini də bildirir.

IAEA bildirib ki, iyun zərbələrindən öncə İranda 60 faizədək təmizlənmiş 400 kq-dan çox uran olub. Ancaq bu materialın nə qədərinin qaldığı bəlli deyil. Nüvə silahı 93.5 faiz zənginləşdirilmiş uran-235-dən hazırlanır.

Fordo bombalanmadan əvvəl və sonra

Yeni obyekt tikilir?

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) ekspertlərinin təhlil etdiyi son peyk görüntüləri isə Natanz yaxınlığındakı Kirka dağındakı obyektin tikintisinin sürətləndiyi görünür. İyundakı zərbələrin hədəfi olan üç obyekt – İsfahan, Natanz və Fordo, demək olar, fəaliyyətsizdir. Mərkəzin nüvə proqramı layihəsinin direktor müavini Cozef Rodcersin dediyinə görə, son hadisələr Tehranın ilkin planlarını genişləndirdiyini ortaya qoyur.

"İranlılar proqramla bağlı növbəti addımı müəyyənləşdirməyə çalışırlar", – o, noyabrın əvvəlində AzadlıqRadiosunun fars xidmətinə deyib.

Xarici işlər naziri A.Əraqçi noyabrın 16-da forumda bildirib ki, Tehran Qərblə nüvə danışıqlarını yalnız qarşılıqlı hörmət əsasında yenidən başlamağa hazırdır.

ABŞ dövlət katibi Marko Rubio isə sentyabrda İranı səmimi niyyətlə keçirilən danışıqları birbaşa qəbul etməyə, əngəlləməməyə çağırıb.

Böyük Britaniya, Fransa və Almaniya sentyabrın 28-dən İrana "snapback" sanksiyalarını yenidən tətbiq etdiklərini açıqlayıb. Onlar Tehranın IAEA təmsilçilərinin nüvə obyektlərinə girişinə icazə vermək üçün zəruri tədbirlər görmədiyini bildiriblər.