İrana turist axını artır

İranda xarici turistlər

Beynəlxalq sanksiyalardan qurtulmuş İran turizmdən də qazanmağa başlayıb. 2017-ci ilin martınadək, bir il ərzində İrana 6 milyondan çox turist gəlib. Bu, bir il öncəkindən 50% çox, 2009-cu ildənsə üç dəfə artıqdır. Bunu «CNN Money» rəsmi statistikaya əsasən yazır.

2015-ci ildə Tehranın dünya ölkələri ilə imzaladığı nüvə sazişindən sonra İrana beynəlxalq sanksiyalar qaldırıldı və əvəzində bu ölkənin nüvə fəaliyyətini məhdudlaşdırması şərt qoyuldu.

OTELLƏRİN SAYI ARTIR

«British Airways» və «Lufthansa» (DLAKY) buraya birbaşa uçuşları bərpa etdilər, İran isə viza tələblərini yumşaltdı. İndi İrana daha çox turist gəldikcə, turizm məkanlarına tələb sürətlə artır. Bu da öz növbəsində yerli biznesmenlər və xarici şirkətlərə imkanlar yaradır.

Düzdür, bəzi Qərb şirkətləri İrana sərmayə qoymağa tələsmirlər, onlar ABŞ prezidenti Donald Trump-ın nüvə sazişini məhv edəcəyindən ehtiyatlanırlar. Ancaq bəzi beynəlxalq otel şəbəkələri genişlənməyə can atırlar.

Fransanın «Accor» (ACCYY) şəbəkəsi 2015-ci ildə İranda ilk otelini açdı və hazırda burada iki oteli var.

İspaniyadan «Melia» (SMIZF) gələn il ilk otelini açmağa hazırlaşır. Birləşmiş Ərəb Əmirliklərindən «Rotana» gələn ilin əvvəlində bir, 2020-ci ilədək daha üç otel açmağı planlaşdırır.

İranda əcnəbi turistlər

Böyük Britaniyanın «EasyHotel» ucuz mehmanxana şəbəkəsinin isə iyulda 500-nömrəlik otellə bağlı saziş imzaladığı bildirilir. Ancaq özlərindən açıqlama almaq mümkün olmayıb.

GECƏYƏ 15 DOLLAR

«CNN Money» yazır ki, bazarda hələ çox oyunçuya yer var. Dövlət turizm agentliyinin məlumatına görə, İran 2025-ci ilədək 20 milyon turisti cəlb etmək istəyir.

Turistlərin çoxu Avropa və Asiyadan gənclərdir, onları İran tarixi və mədəniyyəti cəlb edir. Ən çox görmək istədikləri isə qədim İsfahan və Şiraz şəhərləridir. Əhəməni imperiyasının mərkəzi olmuş, UNESCO-nun Dünya Mədəni İrsi siyahısındakı Persepol də burada yerləşir.

Beş hostel sahibi Jalal Rashedi deyir ki, səyahət edənlərin çoxu ucuz yerlər axtarır. O, səhər yeməyi və internetə çıxışı olan bir çarpayılıq yeri gecəyə 15 dollara verir.

«Son bir neçə ildə gənc turistlərin sayında artım görürük. Onlar hər şeylə maraqlanır, macəra axtarır, İran haqda həqiqətləri kəşf etmək istəyirlər. Çoxu da hostellərdə qalır», – Rashedi CNN-ə deyir.

ƏN UCUZ MƏKAN

Ümumdünya İqtisadi Forumunun bu ilin əvvəlində açıqladığı hesabatda İran dünyanın ən ucuz səyahət məkanı sayılmışdı.

Ancaq turistlər əngəllərlə də üzləşirlər.

Belə ki, amerikalılar, britaniyalılar və kanadalılar öncədən viza üçün müraciət etməlidirlər. Bir çox Qərb ölkələrinin vətəndaşları isə vizanı aeroportda da ala bilirlər.

Bundan başqa, bəzi sanksiyalar qüvvədə qaldığından, ölkənin beynəlxalq bank şəbəkələri ilə əlaqələri seyrəkdir və Qərbin kredit kartları burada işləmir.

Bu da o deməkdir ki, öncədən yer sifarişi üçün ödəniş etmək çətindir. Rashedi bundan çıxış yolu tapıb. O, özünün və başqalarının idarə etdiyi hostellərdə ödənişsiz yer sifariş etməyə imkan verən vebsayt yaradıb.