Xameneidən birlik çağırışı [Video]

Əli Xamenei

İranın ali dini lideri Əli Xamenei ölkəni sarsıdan kütləvi etirazlar fonunda birlik çağırışı edib. Onun müraciəti cümə günü İran dövlət televiziyasında yayımlanıb.

Xamenei etirazlarla bağlı xəbərdarlıq edib, iğtişaşların sərt şəkildə yatırılacağını vurğulayıb. İran hakimiyyəti aksiyaları xarici düşmənlərin, xüsusilə ABŞ-nin planı kimi təqdim edir.

O, etirazçıları ABŞ prezidenti Donald Trampın adından hərəkət etməkdə suçlayaraq deyib ki, iğtişaşçılar dövlətə məxsus ictimai əmlaka hücum edir, Tehran isə "xaricilər üçün muzdlu kimi davranan" ilə dözümlü davranmayacaq.

"Dünən gecə (8 yanvar) Tehranda bir qrup vandal və iğtişaşçı dövlətə, xalqa məxsus binanı dağıdıb. Onlar bunu ABŞ prezidentini məmnun etmək üçün ediblər", – Xamenei deyib. O, Trampa müraciətlə "öz ölkəni idarə et" çağırışını edib.

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu gün, yanvarın 9-na planlaşdırılan reysi ləğv edib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.

İrana uçuşlar təxirə salınır

Yanvarın 9-da "Flydubai" şirkəti Dubay ilə İranın Tehran, Şiraz və Məşhəd şəhərləri arasında azı 17 uçuşu təxirə salıb. "Dubai Airports" vebsaytı bunun səbəb göstərməyib. Amma İran hakimiyyəti etirazları məhdudlaşdırmağa çalışır, dünəndən internet kəsilib.

"Turkish Airlines" İrana 17, "Ajet" altı reysi təxirə salıb.

"Pegasus Airlines" da yanvarın 9-da İran şəhərlərinə uçuşların dayandırıldığını bildirib.

Qətərin Doha şəhəri ilə Tehran arasında azı iki uçuş ertələnib.

Tehranda etirazlar genişlənir, internet məhdudlaşdırılır

Yanvarın 8-də şər qarışandan sonra qızışan etirazlar zorakılıqla üzləşib, amma etirazçılar da geri çəkilməyib, təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya gedib, polisin, "Bəsic"in postlarına od vurub.

Norveçdə yerləşən "İran İnsan Hüquqları" təşkilatının məlumatına görə, yanvarın 8-dək azı 45 etirazçı öldürülüb, 2 mindən çox insan saxlanılıb. "Amnesty International" və "Human Rights Watch" birgə bəyanatda İran təhlükəsizlik qüvvələrini "qanunsuz" güc və odlu silah tətbiqində, eləcə də "kütləvi və əsassız" həbslərdə ittiham ediblər.

Yanvarın 9-da cümə namazından sonra İslam Respublikasına dəstək mitinqlərinin keçirilməsi və dövlət mediasında geniş işıqlandırılması gözlənilir.

Axşam saatlarında antihökumət etirazlarının yenidən başlanacağı gözlənilir.

ABŞ Dövlət Departamenti farsdilli X hesabında İranda internetin kəsilməsinə münasibət bildirib: "İslam Respublikası rejimi İran xalqını səsini boğmaq üçün interneti tamamilə bloklayıb, amma bir düyməni basmaqla onların iradəsini qırmaq mümkün deyil".

+++

Yanvarın 8-də AzadlıqRadiosunun fars xidmətinə göndərilən videolar İranın paytaxtının bir çox yerlərində kütləvi etirazların baş verdiyini göstərir. Müşahidəçilər ölkə üzrə internetin kəsildiyini, vətəndaşların davam edən iğtişaşlar barədə məlumat paylaşmasına əngəllər yarandığını bildiriblər.

Hökumətə qarşı etirazların 12-ci gecəsi etirazçılar Tehran küçələrinə çıxıblar. Şahidlərin "Radio Fərda"ya dediyinə görə, polis Tehranın Yusifabad qəsəbəsində kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

ABŞ prezidenti Donald Tramp isə Tehran hakimiyyətinə xəbərdarlığını bir daha dilə gətirib. O, yanvarın 8-də mühafizəkar siyasi şərhçi Hyu Hyuittə müsahibəsində deyib ki, İran hakimiyyətinə mesajını verib – "insanları öldürməyə başlasalar, — bunu adətən iğtişaşlarda edirlər, onlarda iğtişaşlar çox olur, — bunu etsələr, onlara çox sərt zərbə vuracağıq".

ABŞ prezidenti daha öncə də İran hökumətini etirazçılara qarşı zorakılıq etməməklə bağlı xəbərdarlıq edib.

8 yanvar

İranın kürd şəhərlərində ticarətçilər tətil edirlər

Yanvarın 8-də İranın kürdlər yaşayan şəhərlərindən gələn foto və videolarda bazarların, mağazaların qapalı olduğu görünür.

İlam, Kirmanşah, Sənəndəc, Saqqız, bir sıra digər şəhərlərdə ticarətçilərin tətil etdiyi bildirilir.

Tətili İran Kürdüstanındakı siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları elan edib. Yeddi siyasi partiyanın ümumi tətilə çağırdığı bəyanatda ümummilli etirazlara dəstək bildirilir, "rejimin Kirmanşah, İlam və Luristanda cinayətləri" pislənir.

İrandan gələn xəbərlərdə ölkənin müxtəlif yerlərində internet əlaqəsinin zəiflədiyi, qeyri-sabit olduğu bildirilir.

Öncəki etirazlarda, İsraillə 12-günlük müharibə vaxtı hökumətin vətəndaşların qlobal internetə çıxışı kəsilib, həftələrlə normal tempə qayıtmayıb.

ABŞ Dövlət Departamenti isə X hesabında yazıb ki, dünya İrandakı etirazlara göz yummamalıdır.

"İran xalqı tək deyil, onların mübarizəsinin hamımıza aidiyyəti var", – qurum postların birində yazıb.

Ötən həftə ABŞ prezidenti Donald Tramp deyib ki, etirazçılara qarşı zorakılıq edilərsə, onlar köməyə gələcəklər.