Komitə: İrandan gələn soğanın altından marixuana çıxdı [Video]

Külli miqdarda qurudulmuş marixuana aşkar edilib

İrandan Rusiyaya soğan daşıyan yük avtomobilində 25 kiloqram marixuana aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sentyabrın 4-də məlumat yayıb.

Məlumata görə, İrandan Rusiyaya soğan aparan yük maşını "Biləsuvar" gömrük postunda saxlanılıb. Azərbaycan üzərindən tranzit keçən bu avtomobil rentgen aparatından keçirilib və xüsusi təlim görmüş itlə ətraflı yoxlanılıb: "Yoxlama zamanı üzərinə soğan yığılan taxta paletlərin altında xüsusi düzəldilmiş gizli saxlanc yeri aşkarlanıb. Gömrük nəzarətindən gizlədilən həmin bölmədən 80 bağlamada ümumi çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana tapılıb".

Hələlik rəsmi açıqlamaya yük maşının sürücüsü və İranın cavabdeh qurumlarının münasibəti bəlli deyil.

DGK İrandan Azərbaycan vasitəsilə dünyanın müxtəlif ölkələrinə, xüsusilə də Rusiyaya narkotik daşınması cəhdləri barədə vaxtaşırı məlumatlar yayır.

Hətta bu ilin iyununda bildirilmişdi ki, İrandan Rusiyaya gül kələmi aparan yük avtomobilində 90 kiloqramdan çox marixuana tapılıb.

Üstəlik, İrandan narkotik daşıyan pilotsuz uçuş aparatlarının da aşkarlandığı açıqlanıb.

Ümumilikdə, ölkədə müsadirə edilən xarici mənşəli narkotiklərin böyük hissəsinin məhz İran vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirildiyi vurğulanır.

Tehran tərəfindən bu qəbildən olan rəsmi ittihamlar əksər hallarda cavabsız qalır. Amma İran rəsmilərinin bundan əvvəl ümumən qeyd etmələrinə görə, ölkələri, təəssüf ki, dünyanın əsas narkotik qaçaqmalçılığı marşrutları üzərində yerləşir. "Biz bu bəlanın qarşısını almaq üçün çox ciddi tədbirlər görürük", - deyə rəsmilər vurğulayıblar.