Martın 1-də İranda parlamentə - Məclisə və Üləmalar Məclisinə seçkilər keçirilir. AzadlıqRadiosunun fars xidməti səsvermənin seçici apatiyası və boykota çağıranlara təzyiqlər fonunda baş tutduğunu yazır.
2022-ci ilin kütləvi etirazlardan bəri ilk dəfədir ölkədə seçki keçirilir. O zaman Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra polisdə vəfat edib və bundan sonra ölkəni etiraz dalğası bürüyüb. Bundan başqa, İranda hazırda iqtisadi şərtlər getdikcə pisləşir, narazılara qarşı repressiyalar artır.
Bir çox iranlılar deyiblər ki, "mənasız" saydıqları seçkilərə getməyəcəklər. Bu seçkinin ölkədə sərt xətt tərəfdarlarının hakimiyyətini daha da möhkəmləndirəcəyi gözlənilir.
Seçici iştirakçılığı
İranda seçici iştirakçılığını müstəqil monitorinq etmək olmur, hökumətin keçirdiyi sorğular isə nadir hallarda açıqlanır.
Dövlətə bağlı bir mərkəzin sızdırılmış sorğusunun nəticəsinə görə, seçkiyə cəmi 30 faiz seçici gedə bilər. Ancaq bu məlumat dərhal təkzib olunub.
2020-ci ildə parlament seçkisində seçici iştirakçılığı rekord az – 42.6 faiz olub.
Buna da bax: İranda seçkiöncəsi təkrarlanan sual: Nə mənası var?Ali Dini Lider Ayətullah Əli Xamenei seçkiyə ilk gedənlər sırasında olub. O, iranlıları mümkün qədər tez səs verməyə çağırıb, xəbərdarlıq edib ki, seçkiləri İranın dostları da, düşmənləri də izləyir.
"Dostları sevindirin, düşmənləri ümidsiz edin", - 84 yaşlı Xamenei səs verəndən sonra deyib.
85 milyon əhalisi olan İranda azı 61 milyon nəfərin səsvermə hüququ var. 290 yerlik parlament və Üləmalar Məclisinə 15 min namizəd qeydə alınıb.
Nüfuzlu Üləmalar Məclisi səkkiz illiyə seçilir, İranın ali dini liderini seçir. Xameneinin yaşını nəzərə alanda bu Məclisin rolu daha da qabarır.
Boykot çağırışları
Bir sıra tanınmış xadimlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi seçkini açıq şəkildə boykota çağırıb, onun nəticəsinin öncədən müəyyənləşdirildiyini deyiblər. Keçmiş daxili işlər nazirinin müavini Mustafa Taczadə səsverməyə qarşı çıxıb, ali dini lideri ölkənin böhranlarına laqeydliyinə görə tənqid edib.
Seçkiöncəsi onu boykota çağırdığı iddia olunan bir neçə nəfər saxlanılıb.
Qərbi Azərbaycan vilayətində polis ictimai itaətsizliyə, seçkidə iştirak etməməyə çağıran sosial media səhifələrinə görə 50 nəfərin saxlandığını elan edib. Saxlananların kimliyi açıqlanmayıb.