İranda 'uşaq gəlin'in edamı pislənilir

Samirə Sabzian

İnsan haqları qrupları İranda uşaq ikən məcburən ərə verildiyi kişini qətlə yetirməkdə təqsirli bilinən qadının edamını pisləyirlər.

Samirə Sabzianın dekabrın 19-da Tehran yaxınlığındakı Kərəc şəhərində "Qızıl hisar" həbsxanasında asıldığı xəbər verilir. Məlumatı insan haqları qrupları yaysa da, İranın rəsmi mediası bu haqda xəbər verməyib.

Qadın 10 il idi həbsdə idi. İran onun əfvi ilə bağlı beynəlxalq kampaniyaya məhəl qoymadan edamı gerçəkləşdirib.

Edamlara moratorium qoymaq çağırışı

"Amnesty International"ın bəyanatında deyilir ki, uşaq ikən zorla ərə verilən iki uşaq anası S.Sabzianın "qandondurucu" edamından dəhşətə gəlib: "Beynəlxalq ictimaiyyət dərhal İran hakimiyyətindən edamların ən qısa zamanda rəsmən dayandırılmasını tələb etməlidir". Qurum İranda təkcə noyabrda azı 115 nəfərin edam olunduğunu bildirir.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Sabzianın qohumlarına istinadən yazır ki, 15 yaşında ərə verilən qızcığaz məişət zorakılığının qurbanı olub.

BMT-nin İnsan Haqları Komissarlığı edamdan təşvişə düşdüyünü bildirib. "Biz yenidən İranı bütün edamlara moratorium qoymağa, ölüm cəzasının ləğvini nəzərdən keçirməyə çağırırıq", - AFP quruma istinadla yazır.

Bu il İranda yüzlərlə adam, əsasən, narkotik və qətl ittihamları ilə edam olunub. Onların içində onlarla qadın da var.