“Hörmüz boğazının sahilində cəmi iki ölkə yerləşir, İran İslam Respublikası və Oman Sultanlığı”, – İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 25-də ölkənin dövlət mediasına bildirib.
Bu açıqlamadan əvvəl Oman və İranın xarici işlər nazirləri birgə bəyanat yayaraq bildiriblər ki, gəmilərin Hörmüz boğazından “təhlükəsiz keçidinin” bərpası üçün mərhələli planı müzakirə edirlər. Plana müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılması, Hörmüz boğazının minalardan təmizlənməsi üzrə birgə layihə daxildir.
İran xarici işlər nazirinin müavini bildirib ki, ölkə hələ də müharibə vəziyyətindədir və Hörmüz boğazı hazırda İranın milli təhlükəsizlik məsələsidir. Onun dediyinə görə, boğaza giriş və çıxış marşrutlarına köklü dəyişikliklər edilməlidir.
Qəribabadiyə görə, Omanla İran arasındakı ilkin razılaşma yeni dəniz marşrutunun “gediş-gəliş magistralı” prinsipi ilə işləməsini nəzərdə tutur. Fars körfəzinə giriş İran suları, çıxış isə Omanın ərazi sularından keçəcək, gəmilər hər iki marşrutda İran sularından keçəcəklər.
Hörmüz boğazının cənub marşrutunun bağlanması, Beynəlxalq Dəniz Təşkilatına məlumat verilməsi nəzərdə tutulur.
Bu rejimin müvəqqəti olacağı gözlənilir. Tehran və Məsqət daimi razılaşma hazırlamaq üçün özlərinə 60 günədək vaxt qoyublar.
Qəribabadi bir daha bildirib ki, Birləşmiş Ştatlar İranın iqtisadi blokadasını aradan qaldırmayınca, Livan daxil bütün cəbhələrdə müharibəni dayandırmayınca Hörmüz boğazı gəmilərin tam hərəkəti üçün bağlı qalacaq.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi avqustun 25-də Tehranda İranın xarici işlər naziri Abbas Əraqçı ilə Hörmüzdəki durumu müzakirə edib.
Əraqçı görüşdən sonra X sosial şəbəkəsində yazıb ki, tezliklə “Hörmüzdə müvəqqəti dəhlizin yaradıldığını... elan edəcəyinə” ümid edir.
ABŞ prezidenti Donald Tramp avqustun 25-də “Truth Social”da elan edib ki, “Hörmüz boğazının beynəlxalq sularındakı bütün minalar təmizlənib və ya partladılaraq məhv edilib”. O, ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatlarına istinad edib. Tramp gəmiçilik marşrutlarının nəqliyyat üçün açıq olduğunu da elan edib. Qəribabadi isə bu açıqlamanı təbliğat adlandırıb.