İlham Əliyev: 'Ermənistandan da müsbət xəbərlər alırıq'

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib

"Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq".

Bunu Prezident İlham Əliyev yanvarın 25-də İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimini videoformatda qəbul edərkən deyib. Onun sözlərinə görə, Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

O əlavə edib ki, regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 (Azərbaycan, İran, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan) əməkdaşlıq platforması yaradılıb: "Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik".

Prezidentin vurğulamasına görə, Ermənistan işğal dövründə Azərbaycanın şəhərlərini, kəndlərini yerlə-yeksan edib: "Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və, dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər".

İranlı nazir R.Qasimi isə deyib ki, azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri ilə dünən yerində tanış olublar: "Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq".

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona (Zəngilan və Füzuli rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Ötən il isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi bölgədə nəqliyyat və iqtisadi əlaqələrin inkişafına dair daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.