Azərbaycana qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan İran İslam Respublikasının üç vətəndaşı barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Baş Prokurorluğun mayın 13-də yaydığı məlumata görə, sözügedən şəxslər qabaqcadan əlbir olaraq 373 kiloqramdan çox marixuananı (45 kiloqramı qurudulmuş, 328 kiloqramı isə qurudulmamış halda) satış məqsədilə qanunsuz əldə ediblər. Onlar həmin narkotiki mühərrikli qayıqla Xəzər dənizinin Azərbaycana aid hissəsindən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunurlar.
Rəsmi məlumata görə, təqsirləndirilən şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq narkotik bağlamalarını dənizə atıblar. Sözügedən narkotik maddələr sonradan Xəzər dənizinin Xaçmaz rayonu sahillərində və ətraf akvatoriyada tapılaraq maddi sübut kimi götürülüb.
İran vətəndaşlarına Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.
İttiham olunan şəxslərin müdafiə tərəfindən, İranın rəsmi dairələrindən məsələyə münasibət almaq mümkün olmayıb.
Bakı tez-tez İrandan Azərbaycana narkotik tranzitinin qarşısının alınması barədə məlumatlar dərc edir. 2022-ci ildə isə Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından iddia edilmişdi ki, həmin ilin 10 ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Son illərdə də narkotik tranzitində əsasən İranın adı çəkilsə də, bununla bağlı dəqiq faizlər açıqlanmır.
Tehran tərəfi isə bu qəbildən olan rəsmi ittihamları əksər hallarda şərh etmir.