İllərdir İran iqtisadiyyatı beynəlxalq sanksiyalar və idarəetmə problemləri altında çabalayır.
Bahalaşma, inflyasiya və milli valyutanın sürətlə dəyərsizləşməsi ilin əvvəlində ölkədə kütləvi etirazlara səbəb oldu. Hakimiyyət etirazları zorakılıqla yatırdı, minlərlə insan həlak oldu.
Fevralın 28-də ABŞ və İsrail hava zərbələrinə başlayandan vəziyyət daha da pisləşdi. Onsuz da köhnəlmiş infrastruktur hücumların hədəfinə çevrildi: zavodlar, metallurgiya müəssisələri, körpülər və limanlar sıradan çıxarıldı. Üstəlik, neft və qaz obyektlərinin vurulması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranın əsas gəlir mənbəyi olan neft pullarının qarşısını kəsdi.
Təhlilçilər İran iqtisadiyyatının artıq görünməmiş bir mərhələyə daxil olduğunu bildirirlər.
Londonda yerləşən "Capital Economics" şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısının müavini Ceyson Tuvi deyir: "Əgər rejim blokadanın aradan qaldırılması üçün ABŞ-dən güzəştlər əldə edə bilməsə, iqtisadiyyat dərin böhran vəziyyətində qalacaq".
Onun sözlərinə görə, son nəticə İran hakimiyyətinin hərbi və geosiyasi məqsədlərinə çatmaq üçün iqtisadi sancını nə qədər çəkə biləcəyindən asılıdır.
Rəsmilərin etirafı
Vəziyyət o qədər pisləşib ki, yüksəkvəzifəli şəxslər artıq bunu inkar edə bilmir.
Məlumatlara görə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti prezident Məsud Pezeşkiana iqtisadiyyatı sabitləşdirmək üçün təcili addımlar atmağı, internetə tam çıxışın bərpasını və Vaşinqtonla sülh razılaşması əldə olunmasını tövsiyə edib.
Hökumətin sözçüsü Fatimə Mühacirani müharibənin infrastruktura, yaşayış və kommersiya obyektlərinə 270 milyard dollarlıq ziyan vurduğunu bildirib. "Eghtesad News"un yazdığına görə, bu rəqəm İranın 2025-ci il dövlət büdcəsindən təxminən doqquz dəfə çoxdur və ölkənin ümumi daxili məhsulunun 60 faizinə bərabərdir.
İran rəsmilərinin sözlərinə görə, yalnız mülki infrastruktura dəymiş ziyanın bərpası üçün 300 milyard dollar lazımdır. Sıradan çıxmış bizneslər və artan sosial ödənişlər kimi digər iqtisadi zərərlər də mövcuddur.
Sizin brauzer HTML5-i dəstəkləmir
270 milyard dollar: ABŞ ilə münaqişə İran iqtisadiyyatını necə sarsıdır
Əmək bazarının vəziyyəti
Əmək nazirinin müavini Qulamhüseyn Məhəmmədinin sözlərinə görə, ilkin hesablamalar münaqişə nəticəsində 1 milyondan çox iş yerinin itirildiyini, 2 milyon insanın isə birbaşa və ya dolayı yolla işsiz qaldığını göstərir.
"Donya-e-Eqtesad" qəzetinin məlumatına görə, yaz ayları işə qəbulun ən aktiv dövrü hesab olunur. "IranTalent" iş platforması ötən ilin yazında 65 min vakansiya qeydə alındığını bildirsə də, bu il mövcud iş yerlərinin sayı 80 faiz azalıb. Başqa sözlə, keçən yaz mövcud olan hər beş iş yerindən dördü artıq yoxdur."
Buna paralel olaraq, iş axtaranların sayı sürətlə artmaqdadır. Mayın 5-də "Jobvision" platforması bir gün ərzində 318 min CV-nin təqdim edildiyini qeydə alıb. Bu, əvvəlki rekord göstəricidən (212 min) 50 faiz çoxdur.
Təhlilçilər dövlətin artıq 66 gündür tətbiq etdiyi internet blokadasının problemləri daha da dərinləşdirdiyini deyirlər.
İnternet kəsintisinin təsiri
Bu kəsinti İranın rəqəmsal iqtisadiyyatına hər gün 30-80 milyon dollar ziyan vurur, elektron ticarəti, logistikanı və texnologiya sektorunu iflic edir, kiçik sahibkarların fəaliyyətini isə tamamilə dayandırır.
Rəqəmsal sahədə fəaliyyət göstərən şirkətləri birləşdirən Kontent İstehsalı və Nəşriyyatı Birliyi İran vətəndaşları üçün təhlükəsiz internet çıxışı tələb edib. Mayın 4-də yayılan ehtiyatlı bəyanatda hökumətin fövqəladə şəraitdə qəbul etdiyi qərarların dəstəkləndiyi bildirilir, lakin bu sahədəki siyasətin özəl sektorun iştirakı ilə hazırlanmasının vacibliyi vurğulanır: "Milyonlarla iranlının rəqəmsal iqtisadiyyata söykənən dolanışığı siyasi maraqların oyuncağına çevrilməməlidir".
Bu arada İran rialı da kəskin dəyər itirir. Hazırda açıq bazarda ABŞ dollarının məzənnəsi 1.9 milyon rialdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
Hasilat azalacaq, büdcə kəsiri...
Azərbaycanda yaşayan enerji eksperti Dalğa Xatınoğlu AzadlıqRadiosuna bildirib ki, ABŞ-nin dəniz blokadası davam edərsə, İran neft və qaz hasilatını azaltmağa məcbur olacaq, çünki ehtiyat saxlama imkanları tükənir. Onun hesablamasına görə, blokada daha bir ay davam edərsə, İranın neft hasilatı gündə 1.2 milyon barel azalacaq: "Bu, İran üçün çox ağrılı olacaq."
İranlı iqtisadçı Məcid Səlimi Boruceni "Cahan-e Sənət" qəzetindəki məqaləsində qeyd edib ki, Hörmüz boğazının bağlanması fonunda neft gəlirlərinin artması müvəqqətidir, müharibədən sonrakı bərpa xərcləri bu qazancları xeyli üstələyəcək. Onun fikrincə, etibarlı gəlir mənbələri olmadığı müddətdə büdcə kəsirinin pul çapı hesabına maliyyələşdirilməsi yeganə çıxış yolu kimi görünür. Bu isə artıq 70 faizi keçmiş inflyasiyanı daha da sürətləndirər.