İranda "ictimai əxlaqı təhqir etmək"də günahlandırılan 29 yaşlı müğənni Pərəstu Əhmədi və üç musiqiçiyə verilən hökm icra olunub. AzadlıqRadiosunun fars xidməti yazır ki, onlar müğənninin hicabsız oxuduğu konsert internetdə yayımlanandan sonra cinayət məsuliyyətinə cəlb ediliblər.
Hökmə əsasən, Əhmədi ilə yanaşı, musiqiçilər Söheyl Fəqih-Nasiri, Əmin Tahiri və Əmirəli Pirniya, eləcə də konsertin təşkilatçısı Möhsün Ləşkəri 74 şallaq cəzasına məhkum ediliblər. Məhkəmə həmçinin onların iki il müddətinə yaradıcılıqla məşğul olmasına və ölkədən çıxmasına qadağa qoyub.
Sözügedən konsert 2024-cü il dekabrın 11-də Qum şəhəri yaxınlığındakı tarixi Deyr-Qaçin karvansarasında baş tutub. Tamaşaçısız keçirilən və Əhmədinin YouTube kanalında yayımlanan bu konsertdə müğənni hicabsız və sinəsi açıq geyimdə, kişi musiqiçilərin müşayiəti ilə mahnılar oxuyub.
Məhkəmə hələ iyun ayında Əhmədini və daha səkkiz nəfəri "ictimai əxlaqı təhqir etmək"də təqsirli bilmişdi. Təqsirləndirilən şəxslər isə irəli sürülən ittihamları qəbul etməyiblər.