İran kürdləri pusquda. 'Birləşmiş Ştatlardan yaşıl işıq gözləyirlər'

Komala üzvləri

ABŞ prezidenti Donald Tramp əvvəlcə İran kürdlərinin Tehrana qarşı hərbi əməliyyata qoşulmasına dəstək bildirdi, sonradan bunu, azından indilik, istəmədiyini dedi. Bir fotoqraf İran kürdlərinin bir istehkamına baş çəkib. O, İrandan kənardakı kürdlərin bu qrupunun hər ehtimala "müharibəyə hazırlaşdığını" deyir.

Fotojurnalist Sedat Suna martın 12-də İran kürdlərinin Komala silahlı siyasi birliyinin dağ bazasına giriş əldə edib. Bu baza İraqın şimal-şərqində yerləşir, bu yaxınlarda İranın dron hücumlarına məruz qalıb.

Komala üzvləri

Bu silahlı qrup İranın bir neçə kürd siyasi partiyasının yaratdığı ittifaqa daxildir. Bu alyansın təməli ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayandan az əvvəl qoyulub. Onlar İran daxilində İraqdakı yarı-muxtar Kürdüstan bölgəsinə bənzər, öz müqəddəratını təyin edən region istəyirlər.

“Müharibəyə bir fürsət kimi baxırlar”

“Onlar müharibəyə bir fürsət kimi baxırlar. Deyirlər ki, öz qərarlarını verə bilərlər”, – fotojurnalist AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, döyüşçülər İranla münaqişəyə girmək üçün ABŞ-dən yaşıl işıq gözləyirlər.

Komala partiyasının sözçüsü deyib ki, Birləşmiş Ştatlar dəstək verərsə, döyüşçülər İranın kürd regionunda “azadetməyə başlayarlar”.

Komala üzvü

Təxminən 30-40 milyon etnik kürd İran, İraq, Suriya və Türkiyədə dağlıq ərazidə məskunlaşıblar. Onlar əsasən sünni müsəlmanlardır, dünyada öz ölkəsi olmayan ən böyük etnik qruplardan biridir.

İran kürdləri əsasən ölkənin qərbində yaşayır, İranın 92 milyona yaxın əhalisinin 10 faizə yaxınını təşkil edir.

1979-cu il İslam İnqilabından sonra kürdlərin Tehranla münasibətləri gərgindir. O zaman ölkənin yeni rəhbərləri onları İranın ərazi bütövlüyünə təhdid sayaraq kütləvi qırğına məruz qoymuşdu.

Müşahidəçilərin fikrincə, hazırda kürdlərin İranda müharibəyə potensial cəlbinin nəhəng çətinlikləri var.

Konkret şərtlər

Sasseks Universitetində İran üzrə ekspert Kamran Mətin deyir ki, İranın kürd regionunda mühacirətdə olan İran kürdlərinə dəstəyi böyükdür. Amma onun fikrincə, yalnız konkret şərtlər həm ölkə daxilindəki, həm də xaricindəki kürdləri islam respublikasına qarşı müharibəyə cəlb eləyə bilər.

Birincisi, gərək bundan ötrü İran “Kürdüstanında İran rejiminin qüvvələri xeyli zəiflədilsin”. Bundan savayı, kürd qrupları ABŞ-nin uzun müddətli hərbi və siyasi dəstəklə bağlı konkret öhdəlik götürməsini tələb edə bilərlər. Mətin deyir ki, bu, İran Kürdüstanı üzərində qeyri-uçuş zonasının yaradılması formasında ola bilər.

İranın kürd qruplarından birinin qərargahı zərbələrdən sonra

Onun fikrincə, onlara ABŞ-dən gələcək İranda kürd hüquqlarına dəstək lazım ola bilər.

Amma indilik, ABŞ-nin belə bir öhdəlik götürəcəyinin əlaməti görünmür.

Bir müddət öncə MKİ-nin (CIA) qonşu İraqda kürd qrupları silahlandırması xəbərləri yayıldı. Tramp martın 5-də dedi ki, İran kürdlərinin üsyanını “tam dəstəklərdi”. Amma sonradan kürdlərin münaqişəyə girməsini istisna etdi, “Müharibəni olduğundan daha da mürəkkəbləşdirmək istəməzdik” dedi.

Fotoqraf Suna deyir ki, baş çəkdiyi döyüşçülər arasında ABŞ-yə rəğbət böyükdür, bəziləri uniformasında ABŞ bayraqlarını gəzdirir.

İraq Kürdüstanının mövqeyi

İraq Kürdüstanı rəsmiləri isə İraq kürdlərinin İrandakı müharibəyə qoşulması ideyasını rədd ediblər.

“Biz kirayə silahlar deyilik”, – regionun baş nazir müavini Qubad Təlabani jurnalistlərə deyib.

Region hökuməti İranın kürd silahlı qruplarına ünvanlanmış kimi görünən mesajında bildirib ki, “İraq ərazisindən qonşu ölkələrə hücumlar üçün platsdarm kimi istifadə olunmamalıdır”.

Tehran isə öz növbəsində belə bir təhdid səsləndirib ki, İraq ərazisindən kürd döyüşçülərin müdaxiləsi olarsa, “İraqın Kürdüstan Vilayətində bütün obyektlər... hədəfə alınacaq”.

Foto-məqaləni AzadlıqRadiosunun jurnalisti Amos Çapl hazırlayıb.