İran İraqın Kürdüstan Regionunun baş naziri Məsrur Bərzaninin ofisini və regionun kəşfiyyat rəhbərinin evini hədəf alan dron hücumunda əli olmadığını bildirir. İraq və ABŞ rəsmiləri hadisəni pisləyib, araşdırma aparılmasına çağırıblar.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın hücumlara görə məsuliyyət daşıdığı barədə iddiaları rədd edib. O, hadisəni şübhəli adlandırıb, bütün tərəfləri daha ayıq-sayıq olmağa çağırıb.
İran mediasına görə, xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynə dronların İran ərazisindən buraxıldığını göstərən hər hansı məlumatın olmadığını söyləyib.
Kürdüstan Regionunun Terrorla Mübarizə İdarəsi bildirib ki, avqustun 16-sı axşam saatlarında İran ərazisindən buraxılan iki dron Ərbildəki hədəflərə zərbə endirib. Məlumata görə, dronlardan biri Bərzaninin ofisini, digəri isə muxtar regionun kəşfiyyat xidmətinin rəhbərinin iqamətgahını hədəf alıb.
Rəsmilər itki olmadığını bildiriblər.
İraqın baş naziri Əli əl-Zaidi hücumla bağlı araşdırma aparmaq göstərişi verib.
ABŞ-nin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak hadisəni kəskin pisləyib, kürd tərəfdaşa qarşı təcavüz və regional sabitliyə birbaşa təhdid adlandırıb.