İran Azərbaycana ixracı kəskin artıb

Azərbaycan-İran sərhədi

Cari ilin I yarısında İran Azərbaycana ixracı 126 faiz artırıb. Bunu APA-ya İranın sənət, mədən, ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının baş direktoru Müctəba Xosrovtac deyib.

Müstəba Xosrovtac deyib ki, hesabat dövründə İrandan Azərbaycana 300 milyon dollar həcmində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Buna da bax:​ "İran qazının tranziti gündəmdədir"

“Sevindirici haldır ki, iki il dalbadal ticarət dövriyyəsi artır. Neftin ucuzlaşması səbəbindən Azərbaycan öz iqtisadiyyatını şaxələndirir. Azərbaycan şirkətləri yeni bazarlar axtarışındadırlar. Neftin qiymətinin enməsi ticarətin yeni sahələrinə marağı artırıb. İran şirkətləri Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrində fəaldırlar. Əlavə olaraq, turizm sahəsində əməkdaşlıq da bizim şirkətlərin marağındadır", - deyə o bildirib.

Hal-hazırda İran və Azərbaycan arasında ticarət dövriyyəsinin qeyri-neft sektorunda illik 500 milyon dollar olduğu bildirilir.