İran İsrailə casusluqda günahlandırdığı iki nəfəri edam edib

Müharibənin əvvəlindən təhlükəsizlik və siyasi ittihamlarla 50-dən çox şəxs edam edilib.

İran İsrailə casusluqda günahlandırdığı daha iki nəfəri edam edib. Fevralın sonunda ABŞ və İsrail ilə müharibə başlayandan edam dalğası davam edir. Hüquq müdafiəçilərinin fikrincə, bu edamların əksəriyyəti milli təhlükəsizliklə bağlı qeyri-müəyyən ittihamlar əsasında həyata keçirilir.

Məhkəmə hakimiyyətinə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, Omid BehzadPuriya Səfvət avqustun 3-ü səhər saatlarında edam olunublar. Onların 2025-ci ilin iyunundakı 12 günlük müharibə və bu il fevralın 28-də başlayan münaqişə zamanı İsrailin "Mossad" kəşfiyyat xidmətinə köməklik göstərdiyi iddia olunur. İttihama əsasən, onlar hərbi və təhlükəsizlik obyektlərinin koordinatlarını, şəkillərini və digər məxfi məlumatları "Mossad" əməkdaşlarına, həmçinin bu xidmətlə əlaqəli rabitə kanallarına ötürüblər.

İran məhkəmə orqanlarının iddiasına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xarici media qurumlarının fəaliyyətini və onlara göndərilən videoların parametrlərini təhlil edərək həmin şəxslərin izinə düşüb.

Rəsmi məlumata görə, Behzadın mobil telefonunda aparılan texniki araşdırmalar bu fəaliyyəti üzə çıxarıb və o, istintaq zamanı ittihamları etiraf edib. Lakin bu etirafın hansı şəraitdə alındığı bilinmir. Hüquq müdafiə təşkilatları uzun illərdir İran hakimiyyətini müttəhimlərdən məcburi etiraflar almaqda ittiham edir.

Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan bəri İranda hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin edam halları kəskin artıb. Edam olunanlar arasında etirazçılar, qadağan olunmuş təşkilatlara üzvlükdə və casusluqda təqsirləndirilən şəxslər var.

Bəzi hüquq müdafiə təşkilatlarının məlumatına görə, müharibənin əvvəlindən təhlükəsizlik və siyasi ittihamlarla 50-dən çox şəxs edam edilib. Digər təşkilatlar isə bu rəqəmin daha yüksək olduğunu bildirirlər.