ABŞ-də yerləşən Təhsil Test Xidməti (ETS) İranda TOEFL və GRE imtahanlarının keçirilməsini dayandırdığını təsdiqləyib. İranlılar buna kədər, istehza və siyasi ittihamlarla reaksiya veriblər. Bu qərar aylarla, bəzən illərlə imtahanlara hazırlaşan minlərlə tələbənin xaricdə təhsil almağa yolunun bağlanması deməkdir.
ETS AzadlıqRadiosunun Radio Fərda fars xidmətinə bu qərarını təsdiqləyib, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) müvafiq lisenziyanı dayandırması ilə izah edib.
Bu addım ABŞ prezidenti Donald Tramp administrasiyasının son sanksiyalar paketinin bir hissəsidir. Maliyyə naziri Skot Bessent avqustun 24-də bunu İranın dünya üzrə maliyyə şəbəkələrinə qarşı “iqtisadi hücum” adlandırıb.
ABŞ və İran arasında idman sahəsində mübadilə, qeyri-hökumət və şəxsi əməliyyatlarla bağlı lisenziyalar da qeyri-müəyyən müddətə dayandırılıb.
Tələbələr üçün məhdud seçimlər
İmtahan verməyə hazırlaşanlar qərarın təsirini dərhal hiss ediblər. İranda TOEFL imtahanı üçün əvvəllər yanvaradək vaxt bron etmək olurdu. Cəmi bir gün ərzində Tehran yaxınlığındakı iki imtahan mərkəzində sentyabrın 5-dək vaxt bronlamaq mümkün olub, sonradan bu imkan tamamilə yoxa çıxıb.
Buna da bax:
Bessent: ABŞ İrana 'iqtisadi hücum'a başlayırBu qərardan bir neçə gün əvvəl Duolingo da İranda və İran şəxsiyyət sənədləri olan istifadəçilər üçün ingilis dili imtahanının əlçatan olmadığını açıqlayıb. Britaniya Şurası və IDP Education-ın keçirdiyi IELTS imtahanı isə yanvardan etibarən İranda faktiki mümkün deyil.
“İki il zəhmət çəkib dil öyrəndi, bəxti gətirmədi, hər şey bir gecədə puç oldu”, – bir sosial media istifadəçisi yazıb.
Change.org platformasında OFAC və ETS-i imtahanlara çıxışı bərpa etməyə çağıran yeni petisiya da peyda olub. Petisiyada deyilir ki, tələbələr özlərindən asılı olmayan səbəblərə baxmayaraq, “aylarla hazırlaşıblar, imtahan haqqını ödəyiblər, müraciət planlarını əvvəlcədən müəyyən edilmiş imtahan tarixlərinə uyğun qurublar”.
Bəziləri isə ABŞ sanksiyalarının adi iranlıları hədəfə almadığını iddia edənlərə istehza ediblər.
İran-Çin Ticarət Palatasının prezidenti Məcidrza Həriri X-də istehza ilə yazıb ki, dil imtahanlarında iştirak yalnız İran rəsmilərinin övladlarına qadağan edilib.
“Əlbəttə, ABŞ sanksiyaları İran xalqına qarşı deyil!” – o yazıb.
Yeni sanksiyaların təsiri
Stenford Universitetinin “Iran 2040” layihəsinin rəhbəri Mətin Mirzəmani bildirib ki, ABŞ-nin yeni tədbirləri “son dərəcə sərtdir və genişmiqyaslı nəticələri var”.
Onun sözlərinə görə, bu kampaniyanın təsirini kiçildənlər də, şişirdənlər də “İran xalqına xidmət etmirlər”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tramp İran iqtisadiyyatını çökdürmək istəyir. Bakı sanksiya altına düşə bilərmi?
Yeni sanksiyaların adi iranlılara təsirindən şikayətçi sosial media postlarının çoxluğu İslam Respublikasının tərəfdarlarını qəzəbləndirib. Onların fikrincə, insanlar son müharibədə ali rəhbər ayətullah Əli Xameneinin və yüksək rütbəli hərbi rəsmilərin ölümündən daha çox sanksiyalardan narahat olublar.
İranlı tələbələr üçün imtahanların dayandırılması xaricdə təhsil almaq üçün daha bir imkanı məhdudlaşdırır. Yanvarın 1-dən ABŞ demək olar ki, İran vətəndaşlarına bütün kateqoriyalar üzrə viza verilməsini tam dayandırıb.
İndi maddi imkanı olan tələbələr imtahan vermək üçün Türkiyə və ya Ermənistana gedib orada imtahan verə bilərlər. Buna imkanı olmayanlar üçün isə indilik xaricdə ingilis dilində magistratura və digər ali təhsil proqramlarına qəbul əlçatmaz qala bilər. Onlar Vaşinqtonun lisenziyanı bərpa etməsini gözləməli olacaqlar, əgər bərpa olunacaqsa.