2019-cu ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış qədim Hirkan meşələrində yanğın üç həftədir davam edir. İran beynəlxalq yardım istəyib.
Yanğın oktyabrın 31-də Mazandaran vilayətinin Elit kəndi yaxınlığında başlayıb. Hələlik yanğını söndürmək mümkün olmayıb. Hirkan meşələri dünyada ən qədim və ən çox biomüxtəlifliyə malik ekosistemlərdən biridir.
İran prezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cəfər Qaimpənah noyabrın 21-də X platformasında yazıb ki, "dost ölkələrdən tez bir zamanda yardım istəmək üçün hazırlıqlar görülüb".
Qaimpənah hansı ölkələrin nəzərdə tutulduğunu yazmayıb. İranın Ətraf Mühit İdarəsinin rəhbəri Şina Ənsari daha sonra bildirib ki, Türkiyə yanğınların söndürülməsinə yardım üçün iki xüsusi su təyyarəsi, bir helikopter və səkkiz nəfərlik heyət göndərəcək. Ənsari əlavə edib ki, lazım gələrsə, İran Rusiyadan da yardım istəyə bilər.
Rəsmilərin iddiasına görə, yanğın bir neçə gündən sonra nəzarət altına alınıb, amma bir həftə öncə ikinci dəfə alovlanıb.
Ekoloji fəallar, yerli sakinlər isə yanğının üç həftədir fasiləsiz davam etdiyini, heç vaxt tam söndürülmədiyini bildirirlər. Çətin relyef, qeyri-adi isti hava, quru yarpaqların, yıxılmış ağacların topalanması yanğının davamlılığına və yayılmasına səbəb olur.
İnternetdə yayılan gecə görüntüləri dağıntının miqyasını və fövqəladə hal qrupları ilə könüllülərin alovlarla ağır mübarizə apardığını göstərir.
Mazandaranın Təbii Sərvətlər İdarəsinin rəhbəri Mehrdad Xəzai-Pul yanğının əsas səbəbini insan səhlənkarlığı ilə əlaqələndirib, təbii amillərin əsas səbəb olmadığını deyib: "Təəssüf ki, bəziləri ehtiyatsız davranaraq yanğına səbəb olub".
Hirkan meşələrinin təxminən 660 min hektar Mazandaran vilayətində yerləşir. Xəzər dənizinin cənub sahilləri boyunca uzanan meşələrin yaşı 40 milyon ildən çoxdur. UNESCO-nun məlumatına görə, burada 500 ilədək yaşı olan ağaclar var.