İranın Şərqi Azərbaycan vilayətində saxlanmış fəalların ailələri nigarandır

Əli Babayi, Davud Şiri və Yoruş Mehrəli Biqlu

İranın Şərqi Azərbaycan vilayətində saxlanmış 13 siyasi və vətəndaş cəmiyyəti fəalının ailələri İran hakimiyyətini insan haqları pozuntularında ittiham edir. Onlar AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-ya deyiblər ki, qohumlarının vəkilə çıxışı təmin olunmur, onlara ittihamlar naməlum qalır.

Hər dəfə fərqli izah

Fəal Davud Şirinin qardaşı Əyyub Şirinin dediyinə görə, qardaşı sentyabrın 22-də Təbrizdəki evinin qarşısında saxlanıb, o vaxtdan onunla üç dəfə telefonla qısaca danışa biliblər.

Şiri qardaşına ittihamların aydın olmamasından da narahatlığını bildirib.

"Xəbərimiz yoxdur. Bizə ittihamın məğzini açıqlamayıblar, hər dəfə gedəndə də eyni şeyi deyirlər. Hakim orqanlar hər dəfə əlaqə saxlayanda fərqli izah verirlər", – o vurğulayıb.

Yılmaz Mehrəli Biqlunun qardaşı Ayət (Yuroş) noyabrın 7-də Culfada həbs olunub. Onun ailəsi də oxşar durumdan şikayətçidir. Onun dediyinə görə, qardaşı saxlanandan sonra bircə dəfə həyat yoldaşına qısa zəng edib. Ailəsi onun Təbriz Kəşfiyyat Təcridxanasında saxlanmasından şübhələnir.

"Məhkəmə sistemi bizi məlumatlandırmaqdan ötrü yetərincə müstəqil deyil. Biz Təbriz məhkəməsinə gedəndə cavab vermədilər, dedilər ki, qardaşınız dörd aylığa qonağımızdır", – Yılmaz Mehrəli Biqlu Radio Fərda-ya deyib.

Tibbi qayğı sarıdan narahatlıq

Bəzi ailələr təkcə informasiya qıtlığından, yaxud vəziyyətin hüquqi aspektlərindən deyil, saxlananların səhhətindən də nigaranlıq dilə gətiriblər.

Marağa şəhərində saxlanmış Həmid Yeganəpurun fiziki durumunun pisləşməsi xəbərləri gəlir. Ürəyində problemlər olmasına baxmayaraq, Yeganəpurun yetərli tibbi qayğı görmədiyi, xəstəxanaya qısa ziyarətdən sonra təcridxanaya qaytarıldığı bildirilir.