İran hakimiyyəti Fars körfəzində yanacaq qaçaqmalçılığı şübhəsi ilə iki gəmini saxlayıb. "Fars" agentliyi yazır ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Dəniz Qüvvələri məlumat verib. Tankerlərin kimə məxsus olduğu açıqlanmır.
Yoxlama zamanı gəmilərdə bir milyon litrdən çox qaçaqmal yanacaq aşkarlandığı bildirilir. Gəmilərdə 15 nəfər xarici ekipaj üzvü olub. Cinayət işinin başlanması üçün onları məhkəmə orqanlarına təhvil veriblər. İİKK bildirir ki, hər iki tankeri bir müddət izləyiblər, onlar geniş şəbəkənin tərkibində son aylar yanacaq qaçaqmalçılığı ilə məşğul olublar.
İran daha öncə də Fars körfəzində xarici ölkələrə məxsus neft tankerlerini saxlayıb. 2025-ci ilin yazında dizel yanacağı qaçaqmalçılığı şübhəsi ilə iki gəmi ələ keçirilib.
Son insident İran-ABŞ gərginliyi fonunda baş verib. Fevralın 3-də İran Amerika tankerini ələ keçirməyə cəhd edib. Həmin gün ABŞ-nin F-35C qırıcısı Ərəbistan dənizində "Abraham Lincoln" təyyarədaşıyanına "aqressivcəsinə" yaxınlaşan İran dronunu vurub.
Fevralın 6-da Omanın paytaxtı Məsqətdə ABŞ və İran Tehranın nüvə proqramını müzakirə edəcək. "Axios" nəşri yazıb ki, danışıqlar öncəsi ABŞ prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff, eləcə də müşaviri və kürəkəni Cared Kuşner İranla bağlı məsləhətləşmələr üçün Qətərə getməlidirlər.