ABŞ prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri təxirə saldığını deyir. O bunu "Truth Sosial" platformasında yazıb.
“Etirazçıların mənasız öldürülməsi dayandırılanacan İran rəsmiləri ilə bütün görüşləri təxirə salmışam. Kömək yoldadır”, – Tramp yazıb.
O, iranlıları "etirazları davam etdirməyə", qatillərin və zorakılıq edənlərin adlarını yadda saxlamağa çağırıb, onların “böyük bədəl ödəyəcəyini” deyib.
Tramp ötən həftə İrana xəbərdarlıq edib ki, etirazçılara qarşı zorakılıq baş verərsə, ABŞ onları xilas etməyə gələcək.
ABŞ prezidenti iki gün öncə deyirdi ki, İranın danışıq aparmaq istəyir, "görüş təşkil olunur".
İran rəsmisi iğtişaşlarda 2 min nəfərin həlak olduğunu bildirib
İran rəsmisi ölkədə etirazlar zamanı təhlükəsizlik əməkdaşları da daxil, təxminən 2 min nəfərin həlak olduğunu bildirib. Rəsmi "Reuters"ə danışıb. Agentlik yazır ki, hakimiyyət ilk dəfədir belə yüksək rəqəmi etiraf edir. Ölkədə iki həftədir gedən etirazlar zorakılıqla yatırdılır.
Rəsmi "terrorçular" adlandırdığı şəxslərin həm etirazçıların, həm də təhlükəsizlik qüvvələrinin ölümü üçün məsuliyyət daşıdığını deyib, ölənlərin kimliyinə dair bilgi verməyib.
İnsan haqları qrupları isə yüzlərlə etirazçının öldüyünü müəyyənləşdiriblər, minlərlə saxlanan var.
Əraqçi: İnternet 'Allahın köməyi ilə' qapadılıb
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə internetin kəsilməsini müdafiə edib. Onun sözlərinə görə, bu, "terrorçu" qruplarla əlaqəni kəsməkdən ötrü "Allahın köməyi ilə həyata keçirilib".
Ölkədə artıq beşinci gündür internet bloklanıb. Əraqçi ölkədə vəziyyətin nəzarətə alındığını və sakit olduğunu iddia edib.
İslam Respublikasının rəsmiləri, ali dini lider Əli Xamenei və prezident Məsud Pezeşkian etirazçıları "terrorçular" və "iğtişaşçılar" adlandırırlar. Məhkəmə hakimiyyəti də onları sərt və amansız davranışla hədələyib.
"Əl-Cəzirə"yə verdiyi müsahibəsində Əraqçi etirazların kəskinləşdiyi 8 yanvar tarixini "İran, ABŞ və İsrail arasında 12 günlük müharibənin 13-cü günü" kimi təsvir edib: "Təhlükəsizlik qüvvələrimiz müdaxilə etməli oldu, internetin kəsilməsinə qərar verildi. Buna görə də onların əlaqələri kəsilməli, aralarındakı koordinasiyanın qarşısı alınmalı idi. Bu isə Allahın köməyi ilə həyata keçirildi".
Əraqçi onu da iddia edib ki, "üç gündən sonra vəziyyət nəzarət altına alındı, bu terrorçu qruplaşmaların əsas üzvləri həbs olundu".
ABŞ vətəndaşlarını İrandan dərhal çıxmağa çağırıb
ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bu haqda yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında məlumat dərc olunub.
"Dərhal İranı tərk edin. ABŞ hökumətinin köməyinə arxalanmadan İrandan çıxış planı hazırlayın. Ölkədən çıxa bilmirsinizsə, evinizdə və ya başqa bir binada təhlükəsiz yer tapın. Ərzaq, su, dərman və digər zəruri ehtiyatlar yığın", – məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşları internetdə kəsintiləri gözə alsınlar, alternativ əlaqə vasitələri planlaşdırsınlar, təhlükəsizdirsə, İrandan Ermənistan və ya Türkiyəyə getməyi nəzərdən keçirsinlər.
ABŞ hökumətinin İranla diplomatik və ya konsulluq münasibətləri yoxdur. Vaşinqtonun İrandakı maraqlarını İsveçrə hökuməti Tehrandakı səfirliyi vasitəsilə təmsil edir.
"Meduza" oxşar xəbərdarlığın ABŞ virtual səfirliyinin saytında ötən il iyunun 15-də də dərc olunmasına diqqət çəkir. İyunun 22-nə keçən gecə Vaşinqton İranın Fordo, Natanz və İsfahan şəhərlərində nüvə obyektlərinə zərbələr endirdi.
Bundan öncə isə İsveç Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını İrana səfər etməməyə çağırıb, İrandakı vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib. "France Presse"in iki mənbəyə istinadla yazdığına görə, Fransa da İrandakı səfirliyinin əməkdaşlarının bir hissəsini ölkədən çıxarıb. Agentliyin həmsöhbətləri neçə nəfərdən söhbət getdiyini dəqiq deməyiblər. Fransa XİN səfirliyin strukturunun yenidən təşkil edildiyini bildirib.
İranda dekabrın sonunda yaranan iqtisadi böhran fonunda etirazlar başlayıb. Yanvarın 8-də İran hakimiyyəti ölkədə interneti bloklayıb, etirazları yatırmağa çalışır. İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) yanvarın 12-də bildirdiyinə görə, etirazlar başlayandan 646 nəfər həlak olub. İran İnsan Hüquqları təşkilatı isə 648 nəfərin öldürüldüyünü bildirir. Azı 10 min nəfərin saxlanıldığı deyilir.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran rəhbərliyi danışıqlar istəyir, lakin ABŞ onlarla görüşdən əvvəl "bəlkə də, hərəkətə keçməli olacaq". CNN telekanalı iki amerikalı rəsmiyə istinadla bildirib ki, söhbət həm hərbi, həm də qeyri-hərbi üsullardan gedir.
İranın 'Starlink' peyk internetini əngəllədiyi bildirilir
İranda bəzi sakinlər internetin bloklanmasına baxmayaraq, İlon Maskın "Starlink" peyk internet xidmətindən yararlanırlar. "Reuters" bunu ölkə içindən üç nəfərə istinadla yazır.
İranı çalxalayan etirazlar fonunda hakimiyyət fiberoptik kabellər və mobil əlaqə qüllələri ilə verilən interneti, demək olar, tamamilə kəsib.
"Starlink" isə interneti minlərlə peykdən ötürür və bu xidmət hələ də İranın bəzi yerlərində işləyir.
İranın qərbindən bir nəfər deyib ki, onlarla adamın "Starlink"dən yararlandığını bilir, internetin kəsilməsi sərhəd şəhərlərində əhaliyə əsasən təsir etməyib.
"NetBlocks" internet monitorinq qrupunun qurucusu Alp Toker də regionda yaşayanlardan "Starlink"ə çıxışın olduğunu eşitdiyini deyir, amma bu xidmətin də zəiflədildiyi görünür.
İranda yanvarın 8-dən internetə geniş məhdudiyyət tətbiq olunub.
"Starlink" xidmətinin necə əngəlləndiyi aydın deyil. Bəzi mütəxəssislərin fikrincə, bu, "Starlink" terminallarının işinə maneə yaratmaqla, onların peyklərdən siqnal alma qabiliyyətini zəiflətməklə gerçəkləşə bilər.
"Starlink"in İranda işləməyə lisenziyası yoxdur. Amma Mask xidmətin orada aktiv olduğunu deyirdi. Onun 2022-ci ilin dekabrında bildirdiyinə görə, İranda aktiv "Starlink"lərin sayı 100-ə yaxınlaşır.