İran antihökumət etirazları ilə bağlı iki nəfəri edam edib

"Iran Human Rights": 2025-ci ildə İranda azı 1639 nəfər edam edilib

İyulun 19-da İranın İsfahan şəhərində bu ilin əvvəlində keçirilmiş antihökumət etirazları ilə əlaqələndirilən iki nəfər edam edilib. Xəbəri İranın məhkəmə hakimiyyətinə bağlı "Mizan" agentliyi yayıb.

Edam edilənlərin Ərfan İsfəndiyari Gül-Məhəmməd Məhəmmədi olduğu bildirilib. Onlar ötən həftə İran Ali Məhkəməsinin ölüm hökmünü qüvvədə saxladığı 12 etirazçı sırasında idi. Onlardan bir neçəsi yeniyetmədir.

"Amnesty International" insan haqları təşkilatı bundan əvvəl bildirib ki, fevralın 28-dən İranda siyasi motivli 44 edam hökmü icra olunub. Tehran ABŞ və İsrailin hava zərbələrindən sonrakı dövrü "müharibə şəraiti" adlandırır.

İyulun 19-da edam olunanların yaşı, nə vaxt saxlanıldıqları açıqlanmayıb. Məhəmmədinin Əfqanıstan vətəndaşı olduğu bildirilir.

İttihamnaməyə görə, onlar qətl səhnəsini videoya çəkərək görüntüləri xaricdə fəaliyyət göstərən televiziya kanallarına ötürüblər.

İranda kütləvi etirazlar 2025-ci il dekabrın sonunda yaşam xərclərinin bahalaşmasına etiraz olaraq başlayıb. Aksiyalar qısa müddətdə hökumət əleyhinə genişmiqyaslı nümayişlərə çevrilib. Yanvarın 8-9-da pik həddə çatan etirazları təhlükəsizlik qüvvələri amansızlıqla yatırıb.

İran hakimiyyəti iddia edib ki, 3 mindən çox etirazçının ölümü ABŞ və İsrailin təşkilatçılığı ilə törədilən "terror aktları" nəticəsində baş verib. Xaricdə fəaliyyət göstərən təşkilatlar isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığını bildiriblər.

O zaman ABŞ prezidenti Donald Tramp İranı hərbi müdaxilə ilə hədələyirdi. ABŞ və İsrail fevralın 28-dən İrana hava zərbələri endirməyə başlayıb. Yaxın Şərqdəki bu münaqişə hələ də davam edir.

"Amnesty International" bildirir ki, İran edamların sayına görə Çindən sonra dünyada ikinci yer qərarlaşıb. "Iran Human Rights" və digər təşkilatların məlumatına görə, 2025-ci ildə İranda azı 1639 nəfər edam edilib.