İranda bir ildə 1 min 922 nəfər edam olunub. Onların 1 min 681-i kişi, 59-u qadın, ikisi isə yetkinlik yaşına çatmayanlardır. Bu məlumat İranın "Human Rights Activists News Agency" (HRANA) hüquq müdafiə təşkilatının illik hesabatında yer alıb. Bu ilin edam sayı 2024-cü ildəkindən iki dəfə çoxdur, son 11 ilin ən yüksək səviyyəsidir.
Edamların əksəriyyəti gizli və ya rəsmi elansız gerçəkləşdirilib. 10 edam açıq icra olunub. Agentlik qeyd edir ki, bu il çıxarılan ölüm hökmlərinin sayı 2024-cü illə müqayisədə 21.4 faiz azalıb.
Edam cəzası daha çox adamöldürmə (47.55 faiz) və narkotiklər ilə bağlı cinayətlərə görə (46.10 faiz) icra olunub.
"The Daily Telegraph" qəzeti iranlı fəallara istinadla yazır ki, İsraillə 12 günlük münaqişədən sonra İran hakimiyyəti ölüm cəzasını son 30 ildə ən fəal tətbiqinə başlayıb.
Avqustda məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei bildirib ki, hakimiyyət casusluqda şübhəli bilinən şəxslərə qarşı bu cəzanı qətiyyətlə tətbiq edəcək.