İranda edam təxirə salınıb

Arman Əbdüləli (sağda)

Arman Əbdüləli (sağda)

Amnesty International qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir

Amnesty International bildirir ki, İran 17 yaşında həbs edilmiş və ölüm cəzasına məhkum olunmuş şəxsin edamını təxirə salıb.

İnsan haqları qrupları onun məhkəməsinin “son dərəcə ədalətsiz” keçirildiyini bildirirlər.

Amnesty International oktyabrın 13-də Twitter hesabından yazdığı postda bildirir ki, edam şənbə gününə, oktyabrın 16-dək təxirə salınıb.

Təşkilat qeyd edir ki, edam təhlükəsi hələ də qalır.

***

İnsan haqları qruplarının gözləri İrana dikilib, oktyabrın 13-də 17 yaşında həbs edilərək ölümə məhkum edilmiş şəxsin edamı gözlənir. Onun məhkəməsinin “kobud ədalətsizlik” şəraitində keçdiyi bildirilir.

“Amnesty International” təşkilatı İran hakimiyyətini Arman Əbdüləlinin edamını dayandırmağa çağırıb. O, Tehranın qərbində yerləşən Kərəcdə təkadamlıq kameraya yerləşdirilib.

Londonda yerləşən qrup qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir.

Buna da bax: Rəisinin ‘kütləvi edamlardakı rolunun’ araşdırılmasına çağırış edilib

Əbdüləli 2014-cü ildə itkin düşmüş qız dostunu qətlə yetirməkdə təqsirli bilinib. Qızın meyiti tapılmayıb.

İran rəsmiləri beynəlxalq təzyiq nəticəsində Əbdüləlinin edamını iki dəfə təxirə salıblar. Sonuncu dəfə bu, iyulda baş verib.

“Amnesty International” onun məhkəməsinin “işgəncə iddiaları ilə qarışmış ifadələr” əsasında “kobud ədalətsizlik” şəraitində keçirildiyini qeyd edib.

Təkrar məhkəmə isə onun cinayət üçün məsuliyyət daşıdığını bir daha təsdiqləyib, baxmayaraq ki, hadisə zamanı oğlanın “yetişkənliyi”nə dair suallar olub.

Qurum “ədalətli məhkəmə standartları”na uyğun təkrar mühakimə keçirilməsini tələb edib.