İran məhkəmə sistemi "İsrailə casusluq" ittihamı ilə Ehsan Əfrəştə adlı şəxsi edam edib. Məhkəmə hakimiyyətinin rəsmi orqanı olan "Mizan" agentliyi mayın 13-də səhər bu barədə məlumat yayıb.
Bildirilənə görə, "Mossad" Əfrəştəyə Nepalda təlim keçib və o, həssas milli məlumatları İsrailə ötürüb. Onun hərbi quruma bağlı bir şirkətdə kibermütəxəssis kimi çalışdığı qeyd edilsə də, ətraflı detallar açıqlanmayıb.
"Mizan"ın iddiasına əsasən, "Mossad" zabitinin göstərişi ilə Əfrəştə şirkət və əməkdaşları barədə müxtəlif məlumatları ötürməyə cəhd edib. Bu məlumatlara əməkdaşların kimliyi, idarəetmə iyerarxiyası, ətraflı təşkilati sxem və şirkətin missiyaları daxil imiş.
"Mizan" Əfrəştənin nə vaxt həbs edildiyi, mühakimə olunduğu və məhkəmə prosesinin gedişatı barədə heç bir məlumat verməyib.
İnsan haqları təşkilatlarının məlumatına görə, Əfrəştə 1993-cü ildə doğulub. O, inşaat mühəndisliyi üzrə magistr təhsili alıb, şəbəkə mütəxəssisi kimi çalışıb, 2024-cü ilin əvvəlində Türkiyədən qayıtdıqdan sonra həbs edilib. HRANA insan haqları agentliyi isə Əfrəştənin əslən İsfahandan olduğunu, əvvəllər Tehranda yaşadığını bildirib.
12 may
İranda daha bir məhbus edam edilib
İran ədliyyəsi mayın 12-də səhər Əbdül Cəlil Şahbəxş adlı məhbusun edam edildiyini açıqlayıb.
Məhkəmə hakimiyyətinin rəsmi xəbər orqanı "Mizan" Şahbəxşi ""Ənsar əl-Furqan" qruplaşmasının təlim keçmiş terrorçusu" kimi təqdim edib.
Məlumata görə, ölkənin şərqində antiterror əməliyyatları zamanı saxlanılan Şahbəxşə cinayət işi açılıb. Ona "hüquq-mühafizə orqanlarının qərargahlarına silahlı hücumlar edərək üsyan qaldırmaq" və ""Ənsar əl-Furqan" üsyançı qrupuna üzvlük" ittihamları irəli sürülüb və İnqilab Məhkəməsinə çıxarılıb.
"Mizan" yazır ki, ölüm hökmü "təqsirləndirilən şəxsin rabitə vasitələrindən və səs yazılarından əldə edilmiş təkzibolunmaz sübutlar, həmçinin onun istintaqın müxtəlif mərhələlərində verdiyi etiraflar" əsasında çıxarılıb.
11 may
İranda casusluqda ittiham olunan şəxs edam edilib
İran ABŞ və İsrailin xeyrinə casusluqda ittiham olunan bir şəxsi edam edib. Bu barədə məhkəmə hakimiyyətinin rəsmi “Mizan” xəbər orqanı məlumat yayıb.
“Mizan” həmin şəxsin peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda çalışan 29 yaşlı İrfan Şəkurzadə olduğunu bildirib. Onun elmi tədqiqat layihəsi vasitəsilə əməkdaşlığa cəlb olunduğu, peyklərlə bağlı məxfi elmi məlumatları ötürdüyü iddia olunur.
Nəşrin iddiasına görə, Şəkurzadə müxtəlif mərhələlərdə həm ABŞ, həm də İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olub və həssas məlumatlar paylaşıb.
Qərb ölkələri İranın peyk proqramının ballistik raket texnologiyalarının inkişafı ilə bağlı olduğunu deyir. Məlumatda Şəkurzadənin hansı şəraitdə saxlanıldığı, edamın nə vaxt həyata keçirildiyi barədə detallı informasiya verilməyib.
İnsan haqları qurumlarının məlumatına görə, Şəkurzadə Tehrandakı İran Elm və Texnologiya Universitetində aerokosmik mühəndislik üzrə magistr təhsili alırdı.
Onun 2024-cü ildə həbs olunduğu, təkadamlıq kamerada saxlanıldığı, məcburi etiraflara vadar edildiyi bildirilir. İran Ali Məhkəməsinin bu yaxınlarda ölüm hökmünü qüvvədə saxladığı qeyd olunur.
İranda casusluq və ya dövlət əleyhinə ittihamlarla bağlı edamlar, təhlükəsizliklə bağlı məhkəmə proseslərinin miqyası artır.
Bu ölkə edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir. İnsan haqları qruplarının hesablamalarına əsasən, 2025-ci ildə ölkədə azı 1639 nəfər edam olunub.