İranda casusluğa, İsrail və ABŞ ilə əməkdaşlığa görə cəzalar sərtləşdirilib. Bunu ölkədə güclü təsirə malik Mühafizə Şurası təsdiqləyib. Bir neçə gün öncə isə BMT-nin insan haqları üzrə ekspertləri İranda edamların "dramatik şəkildə" artmasını” pisləmişdilər.
Mühafizə Şurası İran Konstitusiyasına ali nəzarət orqanıdır. Qurumun sözçüsü oktyabrın 1-də deyib ki, parlamentlə aylardır davam edən müzakirələrdən sonra qərar qəbul edilib.
Sentyabrın 29-da BMT-nin yaydığı hesabatda deyilir ki, İranda bu ilin əvvəlindən mindən çox insan edam olunub. "Amnesty International" bunu son 15 ilin ən yüksək göstəricisi kimi qiymətləndirib.
Hesabata görə, bu il casusluq ittihamı ilə 10 nəfər edam edilib. Onların 8-i iyunun 13-dən sonra, yəni İsrailin İrana qarşı 12 günlük hərbi əməliyyata başlamasından sonra gerçəkləşib. Hesabat yayılandan sonra İran İsrail üçün casusluqda günahlandırdığı daha bir şəxsi edam edib.
İslam respublikasının əsl niyyəti
Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi bildirib ki, hakimiyyətin əsas məqsədi İslam respublikasının "zorakı" simasını göstərməkdir.
"Onlar ictimaiyyəti qorxutmaq istəyirlər ki, siyasi quruluşun zəifliyindən istifadə edib küçələrə çıxmasınlar", – o, AzadlıqRadiosunun fars xidmətinə bildirib.
Hüquqşünaslar və insan haqları qrupları xəbərdarlıq ediblər ki, qanunun qeyri-müəyyən dili günahsız insanlara qarşı əsassız ittihamlar və kütləvi edamlar riski yaradır.
İran edamların sayına görə dünyada yalnız Çindən geri qalır.
Ebadi israr edir ki, hazırkı rejim hakimiyyətdə olduqca, ölüm cəzasının ləğvi mümkün deyil: "Əgər soruşsanız ki, nə edilməlidir, deyərdim ki, İslam respublikasının sonunu gətirmək üçün çalışmaq lazımdır".