Avropa İranı 'yubatma taktikası'nda suçlayır

Buşehr Atom Elektrik Stansiyası

Xülasə

  • Avropa liderləri deyirlər ki, Tehran nüvə proqramı ilə bağlı "snapback" sanksiyaları önləmək üçün yetərincə addım atmır.
  • Fransadan diplomatik mənbə "Reuters"ə bildirib ki, danışıqlar BMT sanksiyalarının yenidən tətbiqini önləməkdən ötrü "bütün imkanları tam araşdırmaq" niyyətiylə davam etdiriləcək.
  • İranın Ali dini lider Əli Xamenei: "Bu, danışıq deyil, diktədir".

Avropa liderləri deyirlər ki, Tehran nüvə proqramı ilə bağlı "snapback" sanksiyaları önləmək üçün yetərincə addım atmır. İrana verilən möhlət sona çatmaq üzrədir. Bu arada tərəflər danışıqları davam etdirməyə razılaşıblar.

"Diplomatiyanın şansı qalır. Möhlət keçir, görək nə baş verir. İrandan da real addımlar görməliyik", – Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas sentyabrın 23-də İranın xarici işlər naziri ilə görüşdən sonra deyib.

Avropa üçlüyü (E3) kimi tanınan Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirləri Kallasla birlikdə BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarları Abbas Əraqçi ilə danışıqlar aparıblar.

Görüş necə keçib

Görüşdən öncə Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib ki, "İranın yubatma taktikalarından sonra sanksiyaların işə salınmaması üçün diplomatik həllə çatmaq şansları və imkanları həddən artıq azdır".

Görüşdən sonra isə Fransadan diplomatik mənbə "Reuters"ə bildirib ki, danışıqlar BMT sanksiyalarının yenidən tətbiqini önləməkdən ötrü "bütün imkanları tam araşdırmaq" niyyətiylə davam etdiriləcək.

İranın Xarici İşlər Nazirliyi görüş zamanı bəzi ideyalar və təkliflərin qaldırıldığını açıqlayıb.

E3 avqustun 28-də sanksiyaların işə salınması üçün 30 günlük proses başladıb. Bu müddət sentyabrın 27-də bitir.

Avropa ölkələri İranı 2015-ci il nüvə sazişinə əməl etməməkdə ittiham edirlər. Bu sazişin məqsədi Tehrana sanksiyaların yumşaldılması qarşılığında onun nüvə silahı hazırlamasına mane olmaq idi.

2018-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsini sazişdən çıxarandan sonra İran da öhdəliklərindən çəkilməyə başlayıb.

Əli Xamenei

Xamenei: "Bu, diktədir"

Tehran nüvə proqramı və uran zənginləşdirmə prosesləri ilə bağlı Qərbin təzyiqlərinə dirəniş göstərir. Ali dini lider Əli Xamenei məsələ üzrə Vaşinqtonla mümkün danışıqları rədd edib.

"İndiki şəraitdə ABŞ hökuməti ilə danışıqlar milli maraqlarımıza heç bir fayda vermir", – o, İran dövlət televiziyasında çıxışında deyib.

Xamenei Trampın səmimi danışıqlar istəmədiyini bildirib. ABŞ Tehranın uran zənginləşdirməni tamamilə dayandırmasını, raketlərin mənzilini məhdudlaşdırmasını tələb edir.

"Bu, danışıq deyil, diktədir", – Xamenei söyləyib.

Mötədil sayılan prezident Məsud Pezeşkian isə beynəlxalq əlaqələrdə dialoq tərəfdarı olduğunu deyib.

"Amma güc göstərmək, zülm etmək, dağıtmaq və zərər vermək istəyən biri ilə danışıqlar aparmaq mümkün deyil", – o, əlavə edib.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, sentyabrın 24-də BMT-də Pezeşkianla görüşməyi planlaşdırır.