Bugün, martın 11-də Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, tərəflər “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu” imzalayıb.
Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İrandan keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.
Dövlət agentliyinin bildirməsinə görə, bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə), iki dəmir yolu körpüsünün, rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Azərbaycanda 14 iqtisadi rayon var. Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları daxildir.
Həmin rayonlar təqribən 30 il Ermənistanın işğalında olub.
Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkibindədir.Amma İran, Ermənistan və Türkiyə ilə əhatə olunub.