İran Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

AZərbaycanın Tehrandakı səfirliyi

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə əvvəlkitək bir müttəhim var. Turan agentliyi İran KİV-in məlumatına istinadla yazır ki, bu barədə bugün İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayişi bildirib.

O baş verənləri "gözlənilməz və kədərli insident” adlandırıb. "Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökumətilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”, - Satayişi deyib.

Onun bəyanatı İranın Xarici İşlər nazirliyinin rəhbəri Hüseyn Əmir Abdollahianın Azərbaycana səfəri ərəfəsində səslənib. Nazir iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.

Azərbaycan səfirliyinə hücum bu il yanvarın 27-də silahlı şəxs tərəfindən törədilib. O, bir mühafizəçini öldürüb, digərini yaralayıb. Üçüncü mühafizəçi onu səfirliyin binasından çıxarmağı bacarıb, bundan sonra o, diplomatik missiyanı və onun əməkdaşlarını təhdid etməyə davam edib.

Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan görüntülərə görə, bütün bu müddətdə yerli polis əməkdaşları və İranın digər hüquq-mühafizə orqanları səfirliyə hücum edən şəxsə müdaxilə etməyib, onu ancaq bir qədər sonra saxlayıblar.

Buna da bax: Rusiya Azərbaycanda məktəblərini açmaq istəyir

Saxlanılan şəxs

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Eyni zamanda, polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına mane olmayıb.

O, cinayətin səbəblərini “ailə və şəxsi problemlərilə” əlaqələndirib, deyib ki, guya onun Azərbaycan vətəndaşı olan xanımını səfirlikdə “gizlədiblər”.

Azərbaycanda səfirliyə hücum terror aktı kimi qiymətləndirilib və hərtərəfli araşdırma tələb olunub.

Rəsmi Bakı səfirliyin bütün əməkdaşlarını təxliyə edib və diplomatik missiyanın fəaliyyətinin bərpası üçün “hücumu həyata keçirən cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsini” şərt kimi irəli sürüb.

İndiyədək İran hakimiyyəti istintaqın gedişi barədə susurdu.

Azərbaycan XİN-dən Turana bildirilib ki, bu məsələ ilə bağlı nazilikdə hələlik açıqlama yoxdur.