İran ayətullanın qətlinə görə bir nəfərin edam olunduğunu təsdiqləyib

Abbas Əli Süleymani

İran ədliyyəsi apreldə Ayətulla Abbas Əli Süleymaninin qətlinə görə bir nəfərin edam olunduğunu təsdiqləyib. Nüfuzlu din xadimi olan Süleymani Üləmalar Məclisinin üzvü idi.

Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, edam dekabrın 13-də Babol həbsxanasında, Abbas Əli Süleymaninin ailəsinin iştirakı ilə gerçəkləşdirilib. Ali Məhkəmə iş üzrə "qisas" hökmü çıxarmışdı. Bu isə hakimiyyətin bu işə verdiyi əhəmiyyəti göstərir.

Sosial media versiyaları

İran mediasının yaydığı ilkin məlumatlara görə, Süleymani Babülsər şəhərində bank mühafizəçisi tərəfindən öldürülüb. Bu isə qətlin motivi ilə bağlı müxtəlif versiyalara yol açıb. Tehran bələdiyyəsinə bağlı "Həmşəhri" qəzeti isə hadisənin mübahisə zəminində törədildiyini, qatilin Süleymanini başqa bir şəxslə səhv saldığını iddia edib.

Sosial mediada yayılan daha bir versiya isə belədir ki, Süleymani Babülsərdə "Bank Melli"yə gedib, böyük məbləğdə nağd pul çıxarmaq istəyib, amma bankda o qədər pul olmayıb. İddiaya görə, bankın təhlükəsizlik şöbəsində işləyən, istefada olan hüquq-mühafizə əməkdaşı özü kasıb və pulsuz olduğu üçün Süleymanini güllələyib.

Bankın içindən yayılmış videoda bank mühafizəçisinin sakitcə stulda əyləşən Süleymaniyə arxadan yaxınlaşdığı, onu güllələdiyi görünür. Bankdakılar dərhal həmin şəxsi tutublar, o müqavimət göstərməyib. Həmin şəxsin adı açıqlanmayıb.

Etirazlar fonunda qətl

Bəzi təhlilçilərin fikrincə, Süleymaninin ölümü genişmiqyaslı "Qadın, Həyat, Azadlıq" etirazları fonunda baş verib, dərindən parçalanmış cəmiyyətdə daha geniş etirazları və problemləri əks etdirir.

İran Statistika Mərkəzinin hesabladığı "Yoxsulluq İndeksi" sentyabrda açıqlanıb, indeksdə orta vətəndaşın iqtisadi durumu altı il öncə ilə müqayisədə iki dəfədən çox pisləşib.

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini, guya, hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bundan sonra İranı azadlıqlar, qadın haqları uğrunda nümayişlər bürüyüb.