İranlı aktrisa sənədli filmə hicabsız çəkilib

Təranə Əlidusti

İranın tanınmış aktrisası Təranə Əlidusti barədə yeni sənədli film farsdilli sosial mediada güclü reaksiyaya səbəb olub. Filmdə onun "Qadın, Həyat, Azadlıq" etirazlarına açıq dəstəyindən söz açılır.

Peqah Ahəngəraninin çəkdiyi "Təranə: Sənədli film"ini dekabrın 24-də "BBC Farsca" yayıb. Filmdə aktrisa məcburi hicab, feminizm, sənətkar məsuliyyəti, siyasi narazılığının yaratdığı şəxsi əngəllərdən söz açır.

Əlidusti həbsindən, bir ilədək ictimai həyatdan kənar düşməsinə səbəb olan autoimmun xəstəliyindən də danışır.

Kamera qarşısında hicabsız

O, 2022-ci ilin dekabrında saxlanıb. Həmin il İranda Məhsa Əmininin polis nəzarətində ölməsi aylarla çəkən etirazlara səbəb olmuşdu. Təranə Möhsün Şekari daxil olmaqla, nümayişçilərin edamını pisləmişdi. Onun saxlanması isə beynəlxalq qınağa səbəb oldu, iki həftə yarımdan sonra girovluğa buraxıldı.

Əsgər Fərhadinin "Satıcı" filmində baş rol almış çəkilmiş aktrisa həbsdən çıxandan İran kinosuna çəkilməyib. Yeni sənədli filmdə isə o, kamera qarşısına ilk dəfə hicabsız çıxıb, qətiyyətlə elan edib ki, bir daha "heç bir şəraitdə" hicabla rol almayacaq.

Onun sənətçilərin sosial məsuliyyəti haqda dedikləri, film industriyasını tənqid etməsi isə internetdə geniş əks-səda yaradıb. X platformasında xeyli istifadəçi onu İran qadınları üçün cəsarət və dəstək simvolu adlandırıblar. Sosial media istifadəçiləri aktrisanı açıqlığı, səhnədəki duruşu və inamına görə alqışlayıb, Əlidustini öz taleyinin sahibi İran qadınının təcəssümü olduğunu deyiblər: "Təranə Əlidusti sübut etdi ki, cəsarəti seçməyin bədəli var".

Hovuzda çimərlik paltarında çəkilib

Sənədli filmdə bir kadrda Əlidusti Tehranda hovuzda çimərlik paltarında görünür. Bu isə islam respublikasında xüsusilə cəsarətli hərəkət sayılır. Bu məqam onun qadın üzgüçü barədə "Orka" filmini yada salır. İranda filmin yayılmasına qadağa qoyulmuşdu.

Əlidusti danışır ki, "Onda mən paltarda üzməli idim. Amma bu, daha qəbuledilən deyil. Adamlar gülərlər".

Tanınmış kino jurnalisti Mina Əkbəri bu sənədli filmi "tarixi "yox" demək aktı" adlandırıb. Digərlərinin fikrincə, Əlidusti ölkədəki siyasi və iqtisadi böhranlar fonunda "Qadın, Həyat, Azadlıq" hərəkatını yaddaşlarda saxlayır.

İranın Mədəniyyət Nazirliyi Əlidusti və daha bir neçə aktrisanın işləməsinə qadağa qoyub. Aktrisa Instagram-da yazıb: "Sizin filmlərdə daha çəkilmirəmsə, bircə saniyə belə düşünməyin ki, bunu siz etdiniz. Sizin filmləriniz üçün bacılarımı öldürən paltarı geyinməyəcəyəm".