İran ABŞ-la 'məhbus mübadiləsi sazişi'nə razıdır

İran Qətərin vasitəçiliyi ilə ABŞ-la məhbus mübadiləsi sazişini həyata keçirməyə hazırdır.

Bu haqda reuters agentliyi sentyabrın 14-də məlumat yayıb. Məlumatda deyilir ki, İranın xarici işlər naziri yerli saytlara müsahibəsində bu haqda danışıb və rəsmi olaraq, İranın bu sazişi həyata keçirməyə hazır olduğunu bildirib.

Razılaşmaya əsasən Vaşinqton və Tehranın hər biri beş məhbusu azad etməli, İranın Cənubi Koreyada saxladığı 6 milyard dollarlıq aktivinin sərbəst buraxılmalıdır.

KİMLƏR AZADLIĞA BURAXILACAĞI GÖZLƏNİLİR?

Reuters İranda azadlığa buraxılacaq 5 ABŞ vətəndaşından 3-nün adını qeyd edib. Bunlar, ABŞ vətəndaşları 51 yaşlı Siamak Namazi, 59 yaşlı Emad Şərqi və Britaniya vətəndaşı 67 yaşlı ekoloq Morad Tahbazdır.

Reuters İranın Dövlət Agentliyi İRNA-ya istinadla yazır ki, ABŞ tərəfindən azad ediləcək 5 iranlı isə Mehrdad Moin-Ansari, Kambiz Attar-Kashani, Reza Sarhangpour-Kafrani, Amin HəsənzadəKaveh Afrasiabidir.

ABŞ HƏM DƏ İRANIN 6 MİLYARD DOLLARININ SƏRBƏST BURAXILMASINA RAZILIQ VERİB, AMMA.

Reuters yazır ki, Qətərin vasitəçiliyi ilə ABŞ-ın İranla məhbus mübadiləsi sazişi haqda ilk dəfə avqustun 10-da ictimaiyyətə məlumat açıqlanıb.

Buna da bax: ABŞ-ın sanksiyalarına baxmayaraq İranın neft ixracı necə sıçrayışla artıb?

Razılaşmaya əsasən ABŞ İranın Cənubi Koreyadan Qətər hesablarına 6 milyard dollar vəsait köçürməsinə razılıq verib və bu vəsaitlər yalnız humanitar mallara xərclənə bilər. Birləşmiş Ştatlar bu vəsaitin necə və nə vaxt xərclənəcəyinə “nəzarət”ə malik olacağını bildirib.