İraqda ABŞ konsulluğu yaxınlığına bir neçə raket düşüb

İraq -- ABŞ əsgərləri İran raketinin düşdüyü Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına baxırlar 13 yanvar 2020-ci il

Martın 13-nə keçən gecə ABŞ-ın İraqın şimalındakı Ərbildəki konsulluğu yaxınlığına bir neçə idarə olunmayan raket düşüb.

Təlafatın olmadğı bildirilir. Bu barədə İraq dövlət televiziyası məlumat yayıb. Məlumatlara görə, Ərbilə ən azı 14 raket atılıb. Onlar ABŞ Baş Konsulluğu və Mele Ömər kəndi yaxınlığında düşüb.

Raket atəşindən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri əraziyə nəzarət uçuşlarını həyata keçiriblər.

"Amerikanın Səsi" xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü raket hücumunu "qeyri-adi hücum" adlandırıb, lakin heç bir amerikalının xəsarət almadığını və Ərbildəki ABŞ dövlət obyektlərinə heç bir ziyan dəymədiyini vurğulayıb.

Ərbil Beynəlxalq Hava Limanında yerləşdirilən ABŞ əsgərləri daha əvvəl raket və pilotsuz təyyarələrin hücumlarına məruz qalıblar. ABŞ rəsmiləri hadisəyə görə, İranla əlaqəli silahlı qrupları günahlandırır, lakin İran hücumlarda hər hansı əli olduğunu inkar edir.

Vaşinqton hazırda 2015-ci il nüvə sazişini yeniləmək üçün Tehranla danışıqlar aparır.

Rəsmi mənbələrdən "Guardian"-a verilən məlumat görə, bu arada Rusiya Ukrayna ilə bağlı İranla ticarətə qoyulan sanksiyalardan azad edilməsi ilə bağlı yeni tələblər irəli sürüb.