Strateji Yol Xəritəsi bu il qəbul ediləcək

Foto illüstrasiya

«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri» adlı sənəd hazırdır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bu il martın 16-da «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nin təsdiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, işçi qrup 2016-2020-ci illər üzrə iqtisadi inkişaf strategiyası, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrdə hədəflərlə bağlı layihələrini 6 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

SƏNƏDİN EKSPERTİZASI

V.Qasımlının bildirməsinə görə, hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir: «Eyni zamanda Strateji Yol Xəritəsinin əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır».

V.Qasımlı qeyd edir ki, Strateji Yol Xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq. Bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılması nəzərdə tutulur.

Onun deməsinə görə, Strateji Yol Xəritəsinin yazılmasında 400 nəfərədək xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, 150-yə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edward Prescott-dan başlamış ölkənin sıravi fermerlərinə qədər çoxlarının fikri öyrənilib.

SƏNƏDDƏ NƏLƏR NƏZƏRDƏ TUTULUR

V.Qasımlı bildirir ki, milli iqtisadiyyatın perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji Yol Xəritəsi 12 sənəddən ibarətdir: «Sənəd təkcə inkişaf məqsədlərini və prinsiplərini əhatə etmir. Hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorlar öz əksini tapıb. Seçilmiş prioritetlərlə orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın fundamenti qoyulacaq».