Həbsdə olan İqbal Əbilovun kitabı çıxıb

İqbal Əbilov

Hazırda həbsdə olan "Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilovun kitabı nəşr olunub.

Bu barədə Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Rus dilində nəşr olunan “Talış Nitqindən Fraqmentlər I” kitabına XIX əsrin ikinci yarısında şərqşünas Boris Dornun topladığı və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmaların salındığı bildirilir.

“Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”, - deyə qeyd olunub.

Kitab Əbilovun həmtəsisçisi olduğu Talış Milli Akademiyasının təsis etdiyi "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir.

İqbal Əbilov bu il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il həbs cəzası alıb.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.

İqbal Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor örnəkləri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, araşdırmalar dərc edilib.

O, 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.