2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına Azərbaycanda 356.1 milyon məbləğində 5 min 293 kredit verilib.
Bu barədə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənəddə qeyd edilir ki, dövlətin verdiyi ipoteka kreditlərinin 253.8 milyon manatı (3 min 425) adi, 102.3 milyon manatı (1 min 868) isə güzəştli olub.
2020-ci ildə müqayisədə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi təxminən 38 faiz artıb. Həmin il Fondun vəsaiti hesabına 257.5 milyon manatlıq 3 min 783 kredit verilib.
Ötən il güzəştli ipoteka kreditlərinin 44.7 milyon manatı və yaxud 1 min 66-sı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satdığı mənzillərin (sosial evlər) alınmasına verilib.
Nazirlər Kabinetinin hesabatını Milli Məclisin martın 15-də keçirilmiş plenar iclasında baş nazir Əli Əsədov təqdim edib.
İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasına görə isə, indiyə kimi 37 min 984 ipoteka krediti verilib. Verilən ipoteka kreditinin məbləği isə 2 milyard 89 milyon 803 min 614 manat təşkil edib.
İpoteka kreditləri adi qaydada 8, güzəştlə isə 4 faizlə verilir.
İpoteka Fondu Azərbaycan Mərkəzi Bankının nəzdində 2005-ci ildə yaradılıb.