iPhone-un təhlükəsizlik kodu “sındırılıbmış”

Apple-in iOS əməliyyat sistemində qüsurlar aşkar edilibmiş. Daha doğrusu bu qüsurlar “hədəfin” istifadəsində olan cihazdan casusluq etmək imkanı verə bilərmiş. Bunun üçün sadəcə olaraq göndərilən linkə daxil olmaq kifayət idi.

Bu qüsurun mövcudluğu ilk dəfə bir insan haqları müdafiəçisi tərəfindən aşkar edilib.

Vəkil cihazına daxil olan naməlum mətn mesajları barədə kibertəhlükəsizlik ekspertlərinə müraciət edib.

Onlar isə Apple kodunun daxilində indiyədək naməlum üç qüsur aşkar ediblər.

Xəbər verilir ki, Apple artıq sözü gedən qüsurları aradan qaldırıb.

Bu işi araşdırmış iki təhlükəsizlik firması - Citizen Lab və Lookout bildiriblər ki, onlar bu qüsurlar aradan qaldırılanadək heç bir təfərrüatı açmayıblar.

Cibdə gəzən casus

Hüquqşünas Ahmed Mansoor mətn mesajlarını 10 və 11 avqustda almışdı.

Bu proqram iPhone-un kamerasına, mikrofonuna, WhatsApp və Viber kommunikasiyalarına müdaxilə edə, abonentin hərəkətlərini izləyə biləcəkmiş

Mesajlar guya Birləşmiş Ərəb Əmirliklərinin həbsxanalarında işgəncəyə məruz qalanlar barədə “gizli” məlumat vəd edir və bunun üçün mesajdakı linkə girməyi təklif edirdi.

O həmin linklərə daxil olub və Citizen Lab deyir ki, bununla da onun iPhone 6 cihazının kodu sındırılıb. Bu iPhon-a casus proqramının yerləşdirilməsinə tam imkan verirdi.

Proqram vəklin telefonunu əslində cibində gəzdirdiyi casusa çevirəcəkdi. Bu proqram iPhone-un kamerasına, mikrofonuna, WhatsApp və Viber kommunikasiyalarına müdaxilə edə, abonentin hərəkətlərini izləyə biləcəkmiş.

Ekspertlər bildiriblər ki, bu hadisəyədək iPhone kodunun kənardan sındırılması halları müşahidə olunmayıb.

Onlar ehtimal edirlər ki, casus proqram İsrailin NSO Group “kibermüharibə” şirkəti tərəfindən hazırlanıb.