İnvestisiya qoyuluşu azalıb

Manat

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560.2 milyon manat vəsait yönəlib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz azdır.

DSK bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 8 faiz azalıb.

Qiymətlər nə qədər qalxıb

Komitədən vurğulandığına görə, hesabat dövründə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5.2 faiz bahalaşıb. Bunun ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6, qeyri-ərzaq məhsulları üzrə 4.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4.6 faiz təşkil etdiyi açıqlanıb.

Sentyabrda bahalaşmanın əvvəlik aya nisbətən 1.8, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə isə 8.5 faiz təşkil etdiyi vurğulanıb.

Amma Azərbaycanda müstəqil iqtisadçılar hesabat dövründə inflyasiyanın ikirəqəmli olduğunu düşünürlər. Onların fikrincə, rəsmi məlumat reallıqdan çox uzaqdır.

ÜDM 4.8 faiz artıb

DSK-nın bu gün, oktyabrın 15-də yaydığı açıqlamada habelə bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877.4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz çox olduğu qeyd edilir.

"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır", - açıqlamada deyilir.