Avropa Məhkəməsi Azərbaycandan yeni şikayətləri araşdırır

Avropa məhkəməsi.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) informasiya azadlığı hüququnun pozuntusu ilə bağlı Azərbaycandan göndərilmiş 10-dan artıq şikayəti araşdırmağa başlayıb.

Bu haqda AİHM-nın saytı xəbər verir.

Şikayətlər hökumətin ictimai vəsaitlərin xərclənməsi ilə bağlı bilgiləri qapalı tutması ilə bağlıdır. Həmin işlərin hamısında dövlət qurumlarına informasiya sorğusu göndərilib. Ancaq həmin sorğulara ya cavab verilməyib, ya da şikayətçilərin iddiasına görə, verilən cavablar istənilən bilgiləri tam əhatə etməyib.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

Araşdırılan işlər Media Hüququ İnstitutu, İqtisadi Təşəbbüslərə Yardım, Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi, jurnalistlər Rövşən Hacıyev, Yaşar Ağazadə, Natiq Ədilov, hüquqşunaslar Fariz Namazlı və Xalid Ağaliyevin şikayətləri ilə bağlıdır.

İnformasiya sorğularını Dövlət Neft Şirkəti, Nazirlər Kabineti, AzTV, Milli Məclis, Səhiyyə Nazirliyi və Bakı Dövlət Universiteti cavablandırmayıb.

Buna da bax: ‘Qış bulvarı’ Avropa məhkəməsində

AİHM-ə göndərilən şikayətlərdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması), 10 (ifadə azadlığı) və 13-cü (effektiv müdafiə vasitələrinin olmaması) maddələrinin pozuntusunun tanınması istənilib.

AİHM-ə şikayətləri Media Hüququ İnstitutu (MHİ) hazırlayıb, göndərib. Şikayətçiləri MHİ təmsil edir.

Məhkəmə, Azərbaycan hökumətinə şikayətlərlə bağlı suallar göndərib. Hökumət sualları gələn ilin mayınadək cavablandırmalıdır.

Buna da bax: Avropa Məhkəməsindən işgəncəyə görə cərimə