İllik inflyasiya yenə ikirəqəmli oldu

Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12.1 faiz artıb. Ərzaq məhsullarının 14.1, qeyri-ərzaq məhsullarının 16.8, əhaliyə göstərilən ödənişli xidmətlərin də 5.6 faiz bahalaşdığı bildirilir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.7 faiz artıb. Artım ərzaq məhsullarında 2.6, qeyri-ərzaq məhsullarında 1.9, əhaliyə göstərilən ödənişli xidmətlərdə də 0.3 faiz olub.

BANAN UCUZLAŞIB

Ay ərzində düyü, un, qarabaşaq yarması, paxlava, makaron məmulatları, mal, qoyun və toyuq ətinin bahalaşdığı bildirilir. Habelə, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurtanın bahalaşdığı qeyd edilir. Bundan başqa, kərə, bitki yağları, şəkər, şəkər tozu, qəhvə, çay, kakao, spirtli içkilər, armud, nar, heyva, pomidor və xiyarın qiymətlərində artım müşahidə edilib. Banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök və soğanın ucuzlaşdığı açıqlanıb.

DƏRMANLAR BAHALAŞIB

Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyimlər, ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları bahalaşıb. Üstəlik, zərgərlik məmulatlarının, xalçaların, örtüklərin, şüşə məmulatların, yemək qablarının, əşyaların, məişət cihazlarının, dəftərxana ləvazimatlarının, kitabların və minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində artım olub.

Qubad İbadoğlu

Bundan başqa, mənzillərin icarə haqlarında, avtomobillərin təmiri xidmətlərində, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşımada qiymətlər qalxıb.

İQTİSADÇI: «QİYMƏT ARTIMI DAVAM EDƏCƏK»

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, DSK-nın inflyasiyaya dair məlumatları mövcud gerçəkliyi tam əks etdirməsə də, tendensiyaları düzgün müəyyənləşdirməyə imkan verir: «Tendensiyalar, qiymətlər üzərində statistik müşahidələr, alternativ hesablamalar göstərir ki, yaxın dövrdə daha çox bahalaşma ərzaq malları və xidmətlər səbətində baş verəcək. Eyni zamanda Tarif Şurasının son qərarının perspektiv təhlili onu da göstərir ki, cari ildə yekun inflyasiya 12 faizi aşacaq».

Ekspertin fikrincə, yeni ildə alıcılıq qabiliyyətinin daha da azalması səbəbindən xüsusilə qeyri-ərzaq məhsullarının qiymətinin artım tempi aşağı düşəcək: «Bu amil növbəti ilin birinci rübündə inflyasiyanın ümumi səviyyəsinin azalmasına xidmət edəcək. Gələn ildən inhisarçı şirkətlərin müraciətləri əsasında inzibati yolla tənzimlənən bir sıra tariflər qaldırılacaq. İnflyasiyanın növbəti ildə də ikirəqəmli olacağını indidən proqnozlaşdırmağa ciddi əsaslar yaradır».