Antibiotiklərə müqavimət artır; mikroplastik içimizi 'yeyir'

Antibiotik

Laboratoriyaların təsdiqlədiyi altı bakterial infeksiyadan birində antibiotik müalicə kömək etmir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabrın 13-də bildirib. Qurum dərmanlardan daha məsuliyyətlə istifadə etməyə çağırıb.

ÜST 2016-2023-cü illər üzrə 100-dən çox ölkədən alınan məlumat əsasında hesabat hazırlayıb. Öyrənilən nümunələrin 40 faizə yaxınında antibiotiklərə müqavimətin artdığı müəyyən edilib, - "Reuters" yazır. "Antimikrob müqavimət müasir tibb sahəsindəki irəliləyişləri geridə qoyur, dünya üzrə ailələrin sağlamlığına təhdid yaradır", – ÜST-ün baş direktoru Tedros Qebreyesus deyib. O, antibiotiklərdən məsuliyyətlə istifadə etməyə çağırıb.

Dünya üzrə antibiotiklərə davamlılıq ildə 1 milyondan çox ölümə səbəb olur.

Patogenlərdəki genetika dəyişiklikləri təbii prosesin bir hissəsidir. Amma insan fəaliyyəti, insanlarda, heyvanlarda və bitkilərdə infeksiyaların müalicəsi üçün antibiotiklərin yanlış və aşırı istifadəsi bu prosesi sürətləndirir.

ÜST bildirir, antibiotiklərə müqavimətin ən yüksək səviyyələri Cənubi Asiya və Yaxın Şərqin bəzi hissələrində qeydə alınıb. Burada qeydə alınan infeksiyaların təxminən üçdə biri müqavimətlidir.

Afrikada isə qan dövranı infeksiyalarında aşkarlanan bəzi bakteriyaların ilkin seçim müalicəsinə müqavimət artıq 70 faizi keçib. Bu infeksiyalar sepsis, orqan çatışmazlığı və ölümə səbəb ola bilər.

"The Guardian" problemin az, ortagəlirli ölkələrdə, səhiyyə sistemləri zəif olanlarda daha kəskin olduğunu yazır.

ÜST-ün antimikrob müqavimət departamentinin rəhbəri Yıvan Hutin tapıntıları çox narahatedici adlandırıb: "Antibiotikə müqavimət artdıqca müalicə variantlarımız azalır, həyatları təhlükəyə atırıq, xüsusilə infeksiyanın qarşısının alınması, nəzarətin zəif olduğu, diaqnostika və effektiv dərmanlara çıxışın məhdud olduğu ölkələrdə".

Bədənimizdəki plastik hissəciklər

Bugünlərdə sağlamlıqla bağlı açıqlanmış daha bir araşdırmada isə plastik hissəciklərin insan qanına, beyninə və bağırsağına necə hopmasından söz açılır.

Bir araşdırma serebral orqanlarda təxminən 5 qram, təxminən bir çay qaşığı plastik ola biləcəyini aşkarlayıb. Yəni, plastik materialı təkcə ərzaqda, yaxud geyimimizdə görmürük, izləri daxilimizə keçir.

Avstriyadakı Qrats Universitetindən Kristian Paxer Doyç beş könüllünün bağırsaq bakteriyasını beş adi mikroplastikaya, yəni mikro plastik hissəciklərə məruz qoyub. Bu zaman nəinki bakterial tərkib, onların buraxdığı kimyəvi maddələr də dəyişib. Bu dəyişikliklər isə depressiya, bağırsaq xərçənginin nümunələrinə oxşar olub.

Paxer Doyç Berlində bir konfransda bu tapıntısını təqdim edərək deyib ki, mikroplastikdən istifadəni mümkün olduqca azaltmaq müdrik və vacib ehtiyat tədbiridir.

Bugünümüzdə isə mikroplastik hər yerdədir – qablaşdırmalarda, geyimlərdə, kosmetikada, digər əşyalarda. Onlar bəzən o qədər kiçikdir ki, ağciyərlərimiz, bağırsağımızla qanımıza və digər daxili orqanlarımıza keçir.

Mikroplastikdən tam imtina mümkün olmasa da, alimləri şəxsi istifadəni azaltmaqda fayda görürlər. ABŞ-dəki Rod-Aylend Universitetindən neyroalim Ceymi Ross mətbəxdən başlamağı məsləhət görür: "İlk işimiz yeməyi plastikanın içində qızdırmamaq olmalıdır. Yeməyi plastik əşyalarla bişirməyin, isti içkini, yaxud yeməyi plastik qabın içinə qoymayın".

Alim paket çayları hətta kağız içində olsa belə zərərli sayır, onların hazırlanmasında plastik yapışqandan istifadə olunduğunu deyir. Ona görə də çayı dəmləyib için. Yaxud mətbəxdə ərzağı plastik lövhənin üzərində doğramaq da onu çirkləndirə bilir.