İmtahanlar pullu olacaq

İllüstrasiya

►Məleykə Abbaszadə: Dövlət qulluğu, buraxılış imtahaları, attestasiya pulsuz, qalanlar pullu olmalıdır

“Müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, Trend-ə açıqlamasında bildirib ki, imtahanlar gələn ildən pullu ola bilər.

“Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır”, M.Abbaszadə qeyd edib.

O, müəyyən imtahanların dövlət hesabına aparılmağa davam edəcəyini bildirib.

“Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır”.

M.Abbaszadə imtahanlardan əlavə bəzi xidmətlərin də pullu olacağına işarə edib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Elə xidmətlər var ki, biz onları vətəndaşlara göstəririk. O xidmətlərin bir qismi ödənişli olmalıdır. Ola bilsin ki, dövlət tərəfindən elə bir qərar qəbul olunsun ki, o xidmətlərin bir qisminin xərclərini yenə də öz üzərində saxlasın” - deyən M.Abbaszadə imtahanlar üçün rüsumun məbləğini Tarif Şurası və Maliyyə Nazirliyinin müəyyən edəcəyini ifadə edib.

Yada salaq ki, Dövlət İmtahan Mərkəzi bu ilin martında dövlət başçısının fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında yaradılıb. TQDK sədri Məleykə Abbaszadə Mərkəzin Direktorlar Şurasının sədri təyin edilib.

TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, hələlik, işini dayandırmayıb.

Yeni yaradılan Dövlət İmtahan Mərkəzinin imtahanların keçirilməsindən gəlir əldə etmək hüququ var.

Buna da bax: Təhsil Nazirliyi TQDK-ya «yox» dedi