Pakistanın keçmiş baş naziri İmran Xan avqustun 21-də səhər saatlarında qısa müddətə xəstəxanaya aparılıb. Həkimlər onun səhhətinin qaydasında olduğunu bildiriblər, bir neçə saat sonra Xan həbsxanaya qaytarılıb. Tərəfdarları və partiyası bununla Ali Məhkəmənin qərarının pozulduğunu bildirir.
İmran Xanın Pakistan Təhrik-i-İnsaf (PTI) partiyası bu həftənin əvvəlində bildirib ki, Ali Məhkəmənin qərarının açıq-aşkar pozulması, yəni məhkəməyə hörmətsizlikdən şikayət verəcək. Partiyanın yozumuna görə, həmin qərar Xanın ən azı sentyabrın ortalarınadək tibbi nəzarət altında qalmasını nəzərdə tuturdu.
Keçmiş baş nazir həbsxanada “dəfələrlə” işgəncəyə məruz qaldığını deyir. Bacısı Üzma Xan bugünkü tibbi müayinə zamanı qardaşının yanında olub, sonradan mətbuat konfransında jurnalistlərə bu barədə danışıb. Bacısının sözlərinə görə, onun bir gözünün üzərində sarğı olub, ümumilikdə isə durumu sabit və qənaətbəxş görünüb.
“Reuters” işgəncə iddialarına rəsmi orqanlardan cavab ala bilməyib.
Agentlik yazır ki, Xanın həbsxanaya qaytarılması onun tərəfdarları arasında yeni narazılıq dalğasına səbəb ola, küçə etirazlarını körükləyə bilər.
Xanın tərəfdarları gecədən paytaxt İslamabadın küçələrinə çıxıblar. Onlar keçmiş baş naziri xəstəxanaya apardığı güman edilən avtomobilin üzərinə gül səpiblər.
Xan 2023-cü ilin avqustundan həbsdədir. Ona korrupsiya ittihamları ilə 14 il həbs cəzası kəsilib. Özü ordunun onu siyasətdən uzaqlaşdırmaq üçün cinayət işlərini düzüb-qoşduğunu bildirir. Ordu bu iddianı rədd edir.