"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
Bu barədə “Turan”a onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, aprelin 26-da İ.Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 206.3.1-ci (qaçaqmalçılıq təkrar törədilməklə) maddəsi ilə ittiham sürülüb.
Bundan əvvəl ona CM-nin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu.
Hələlik, bu məlumatı istintaq orqanı olan Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Elə bugün, aprelin 26-da Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Berlində kansler Olaf Şolts ilə birgə keçirdiyi mətbuat konfransında İmran Əliyevlə bağlı da sual verilmiş, ailəsinin ona təzyiqlər edildiyi ilə bağlı şikayət dilə gətirdiyi vurğulanmışdı.
Əliyev suala cavabında bəzi media nümayəndələrinin həbsinə toxunaraq bunun qanunvericiliyə uyğun aparıldığını demişdi:
“Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir".
İmran Əliyev aprelin 18-də həbs olunub. O, ittihamı qəbul etmədiyini bildirib.
Buna da bax: Prezident jurnalistlərin həbsini şərh etdi: 'O demək deyil ki, bizdə media azad deyil' [Video]Xatırlatma
Son aylar Azərbaycanda aralarında meclis.info saytının təsisçisi İmran Əliyev olmaqla 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlarla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Dünən, aprelin 25-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.
Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.